Manşet Xəbər

70 YAŞLI MƏKTƏB DİREKTORU Baxışov Bünyamin 12 illik müəllimi hansı əsasla işdən azad edib?… RƏSMƏN ÖZBAŞINALIQ

Dünyada bir çox gözəl, nəcib peşələr var. Lakin bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə də var ki, bu, müəllimlik peşəsidir. Elə buna görə də dünyada müəllim əməyinin bənzəri yoxdur. Əgər biz bu gün bəşəriyyətin çatdığı yüksək inkişaf səviyyəsi, elmi-texniki nailiyyətlər barədə böyük məmnunluqla söhbət açırıqsa, bunun üçün ilk növbədə müəllimlərə minnətdar olmalıyıq. İnsan cəmiyyətinin əzəli də sonu da müəllim əməyi ilə bağlıdır. Çünki insanlar öyrənə-öyrənə kamilləşirlər. Hər dəfə yeni-yeni kəşflər edərək öz həyatlarını asanlaşdırırlar. Həmçinin müəllim ən şərəfli, ən ülvi, ən uca və ən əsası müqəddəs bir addır. Ancaq təəssüflər olsun ki, bu ülvi və müqəddəs ada hörmət etməyən şəxslər də var. Elə redaksiyamıza daxil olan şikayət ərizəsinə nəzər yetirəndə də məlum olur ki, Şəki şəhər M. Füzuli adına 3 nömrəli tam orta məktəbin direktoru 70 yaşlı Baxışov Bünyamin Təmraz oğlu, 12 il səhvə yol vermədən həmin məktəbdə fəaliyyət göstərən pedaqoqu heç bir əsas olmadan işdən azad edib. Məhz buna görə də Redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən Şəki rayonu, Oxud kənd sakini Məmmədov Kamil İmran oğlu 12 illik nöqsansız fəaliyyət göstərdiyi işdən sübut olmadan əsassız olaraq azad olunmasından şikayətçidir.

“Zirvə yolu” həmin şikayət ərizəsini təqdim edir:

Məlumat üçün yazıb Sizə bildirirəm ki, mən Şəki rayonu, Oxud kənd sakini Məmmədov Kamil İmran oğlu Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirmişəm və “MİQ”-in imtahanında iştirak edərək 2011-ci ildə işə qəbul olduğum Şəki şəhər M. Füzuli adına 3 nömrəli tam orta məktəbdə 12 ildir ki, nöqsansız fəaliyyət göstərmişəm, lakin 7 fevral 2023-cü il tarixdən əmək müqaviləmə xitam verilməsi ilə işdən azad edilmişəm. İşdən çıxarılmağıma səbəb isə həmin məktəbin IX sinif şagirdi Nəsrullayev Oruc Qəhrəman oğlu ilə aramızda olan münaqişə olmuşdur. Münaqişə dərs prosesində sinif otağında testin doğru cavabının tapılmasına görə 2-3 dəqiqə davam etmişdir. Mən şagirdə yaxınlaşsam da şagirdə toxunmadan geri çəkilmişəm. Bu zaman şagirdin ayağı büdrəyərək yıxılmışdır. Bundan məlumat alan direktor Baxışov Bünyamin Təmraz oğlu məktəbə polis çağırmışdır. Sonra şagirdin atasını və bir neçə müəllim çağıraraq döyülmə hadisəsinin olduğunu söyləyərək inandırmışdır. Şagirdin atası uşağın döyüldüyünü zənn edərək polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Direktor polis çağırsa da tədqiqatın nəticəsini gözləmədən məni (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi işdən çıxarılmanın ən riskli və nəticəsinin də olduqca ağır olduğu bir maddə ilə) işdən kənarlaşdırmışdır. Polisin araşdırması zamanı baş vermiş prosesdə hər hansı cinayətin əlamətləri olmamışdır. Əlimdə işdən azad edilməyimin əsassız olduğuna dair sənədli sübut da var. Lakin, buna baxmayaraq mən hələ də işsiz qalmışam. Və bu ərizəni yazmaqla sizə müraciət etməkdə məqsədim mənim bu müraciətimi işıqlandıraraq, haqsızlığa uğradığım məsələdə hüquqlarımın qanuni şəkildə qorunması ilə yenidən öz işimə geri qaytarılmağım üçün köməklik göstərəsiniz.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir