İdman

“Şah” məğlubiyyətini şərh etdi: Çempion olmaq qismətimizdə var

Dəstəyinizə görə təşəkkür edirəm. Son oyunda “GH” gedişi yerinə “H6” olsaydı, qalib gəlirdim. Həmçinin, ilk görüşdə də uda bilərdim. Əsas odur ki, gözəl şanslarım vardı, amma istifadə edə bilmədim.

Şəhriyar Məmmədyarov Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun 1/8 finalında Teymur Rəcəbova məğlubiyyətini bu cür şərh edib.

O, T.Rəcəbova növbəti mərhələdə uğurlar arzulayıb:

“Taleyimdən, qismətimdən şikayətçi deyiləm. Çünki mənə şans verildi. Teymura növbəti mərhələdə uğurlar arzulayıram. İnanıram ki, uğurlu çıxışı davam edər. Özümə isə gələcəkdəki yarışlarda daha diqqətli olmağı arzu edirəm.

Sevinirəm ki, sevimli ailəmin, oğlumun yanında olacağam. Çempion olmaq qismətimizdə var. Bu gün olmasın, sabah olsun! Hamıya təşəkkür edirəm, yaxşı ki varsınız. İnşallah, gözəl geridönüş olacaq”.

Qeyd edək ki, Ş.Məmmədyarovu tay-breykdə məğlub edən T.Rəcəbov 1/4 finalda ABŞ şahmatçısı Ceffri Şonqa qarşı ilk görüşünü bu gün keçirəcək. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Sentyabrın 10-da başlayan dünya kuboku turnirinin mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min, finalçı isə 80 min dollar qazanacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir