Manşet Siyasət

X Qlobal Bakı Forumunda miqrasiya məsələsi ilə bağlı müzakirələr keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.

“Zirvə yolu” “Report”a istinadən xəbər verir ki, tədbir çərçivəsində “Miqrasiya qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi” mövzusunda növbəti panel iclası keçirilib.

İsveç İnkişaf Naminə Əməkdaşlıq Agentliyinin 1993-2008-ci illərdə baş direktoru, BMT-nin İKT üzrə işçi qrupunun üzvü, UNESCO-nun Kommunikasiyanın İnkişafı üzrə Hökumətlərarası Şurasının 2008-2010-cu illərdə sədri, Globethics.net platformasının Prezidenti Valter Fustun moderatorluğu ilə keçirilən panel iclasında Latviya Respublikasının 2014-2016-cı illərdə Baş naziri Laymdota Strauyuma, Moldovanın 2015-ci ildə Baş naziri Çiril Qaburiçi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Kolumbiyanın 2010-2018-ci illərdə xarici işlər naziri, Kolumbiyanını 2004-2006-cı illərdə BMT-dəki daimi nümayəndəsi Mariya Angela Holquin, ISESCO-nun keçmiş baş direktoru Abdulaziz Altvayri, 1997-ci ildə Ekvadorun Prezidenti Rozaliya Arteaqa Serrano, Müsəlman Ağsaqqallar Şurasının Baş Katibi Muhəmməd Mahmud Abdelsalam çıxış ediblər.

Panel iclasında çıxış edən Moldovanın 2015-ci ildə Baş naziri Çiril Qaburiçi deyib ki, bir çox ölkə miqrasiyadan zərər görür: “Bizim ölkə də bundan əziyyət çəkir. Son 30 il ərzində əhalimizin 30 faizi ölkədən gedib. Həmin insanlar ölkəmizin inkişafına öz töhfəsini verə bilərdi. Ölkəni tərk etmək qərarı ilk növbədə çətin qərardır. İnsanlar daha yaxşı iş, həyat şəraiti və s axtaran zaman ölkədən gedirlər. Ukrayna müharibəsindən sonra biz 1 milyon insanı qəbul etmişik. Onlar iş yerləri axtarırdılar”.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov isə qeyd edib ki, miqrasiya çox mürəkkəb bir fenomendir: “Miqrasiya qlobal gündəmdə aktual məsələdir. COVID-19 dövründə sərt qaydalar tətbiq olunurdu. Ancaq biz yenə də bunu müşahidə etdik. İqlim dəyişikliyi miqrasiya rəqəmlərinə (onların sayı 89 milyondan çoxdur) də öz təsirini göstərir. Hazırda biz miqrasiyanı inkişaf üçün amil kimi də görürük. Miqrasiya göndərən və qəbul edən ölkə üçün də müsbət ola bilər”.

Xidmət rəisi vurğulayıb ki, miqrasiya ehtiyacdır: “Biz əməkdaşlıq sahəsində miqrasiyanın faydalarından istifadə edə bilərik”.

V.Hüseynov bildirib ki, Azərbaycanın ərazi bütövlüyü təmin edildikdən sonra məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasına şərait yaradılıb.

ISESCO-nun keçmiş baş direktoru Abdulaziz Altvayri söyləyib ki, müxtəlif ölkələrdən gələn miqrantlara münasibətdə ikili standartlar mövcuddur: “Miqrasiya edənlərin əksəriyyəti cinayətkar deyil, adi insanlardır. Amma Afrikadan və ya Suriyadan gələn miqrantlar arasında rəftar fərqinə baxıb, sonra bunu ukraynalılara müraciətlə müqayisə etsəniz, ikili standartları görə bilərsiniz. Dinimizdən, dəri rəngimizdən və digər fərqlərimizdən asılı olmayaraq insan olaq”.

Panel iclası çıxışlarla davam etdirilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir