ABŞ institutu: “İran rejimi bayram şənliklərinin yeni nümayişlərə təkan verəcəyindən qorxur”
“İran rejimi, çox güman ki, bayram şənliklərinin rejim əleyhinə nümayişlərə təkan verə biləcəyindən ehtiyat edir”.
“Zirvə yolu” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Bildirilib ki, mövcud rejim qarşıdan gələn bayramlarla əlaqədar planlaşdırılan nümayişlərin qarşısını almağa çalışır:
“Bu məqsədlə təhlükəsizlik qüvvələri səfərbər oluna bilər. Tehran əyalətinin hüquq-mühafizə orqanlarının komandanı, briqada generalı Abbas Əli Məhəmmədi dünən, martın 13-də deyib ki, bu gündən etibarən Tehranın hər yerində təhlükəsizlik qüvvələri yerləşdiriləcək”.
Məlumata görə, İranda kütləvi zəhərlənmələr davam edir: “Martın 11-13-də ən çox tələbə zəhərlənmələri Xuzistan və Kürdüstan əyalətlərində baş verib. Həmin ərazilər Məhsa Əmaninin ölümü ilə əlaqədar etiraz aksiyalarının ən güclü şəkildə davam etdiyi 2 əyalətdir. İranın ictimai xadimləri son aylarda davam edən zəhərlənmələrlə əlaqədar rejimi ittiham edirlər. Həmçinin keçmiş Prezident Məhəmməd Xətami də kütləvi zəhərlənmələrə görə rejimi tənqid edir”.
Qeyd edək ki, fevralın 15-dən İranda tələbə qızların kütləvi zəhərlənməsi halları geniş yayılıb.
Xatırladaq ki, İranda etiraz aksiyaları ötən il sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin işgəncə nəticəsində öldürülməsindən sonra başlayıb.