2022-ci ildə Azərbaycanda BMT-nin Çərçivə Sənədi üzrə layihələrin həyata keçirilməsinə 25,4 milyon ABŞ dolları xərclənib, 2023-cü il üçün nəzərdə tutulan büdcə isə 32 milyon ABŞ dollarıdır.
“Zirvə yolu” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin və BMT-nin birgə təşkilatçılığı ilə, Azərbaycanla qurum arasında “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi”nin (UNSDCF) icrası üzrə Birgə İstiqamətləndirici Komitənin iclasında nazir müavini Sahib Məmmədov bildirib.
Onun sözlərinə görə, bugünki tədbir çərçivəsində 2022-ci ildə görülmüş işlərlə bağlı geniş məlumat veriləcək, 2023-cü il üzrə fəaliyyət istiqamətləri açıqlanacaq.
“Azərbaycan beynəlxalq əməkdaşlığa xüsusi önəm verir, regional və qlobal platformaların əsas oyunçusuna çevrilib. BMT-yə üzv olduğumuz 1992-ci ildən etibarən təşkilatın qurumları ilə sıx əməkdaşlıq edirik”, – deyə S.Məmmədov əlavə edib.