İdman

Bəhram Rəcəbzadə növbəti döyüşünü Düsseldorfda keçirəcək

Ufuk Kamal: “İdmançımıza ciddi dəstək verməyimiz zəruridir”

Məşhur Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə növbəti döyüşünü oktyabrın 12-da Almaniyanın Düsseldorf şəhərində keçirəcək. 95 kiloluq çəki dərəcəsində və dünyaca məşhur olan Glory kikboksinq turniri üzrə yarışan kiqboksçunun rəqibi litvalı kiqboksçu Sergey Masloboyevdir. Bu barədə Köln Azərbaycan-Türk Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal məlumat verib. Hazırda Kölndə Ufuk Kamalın dəstəyi ilə məşqlərini davam etdirən Bəhram Rəcəbzadə əslən Güney Azərbaycanın Urmiyə şəhərindəndir. Ufuk Kamal bildirdi ki, Azərbaycan Kikboksinq Federasiyasının (AKF) rəhbəri, millət vəkili Adil Əliyev və AKF-nin vitse prezidenti Güloğlan Cabbarov döyüşü izləmək və idmançımızı dəstəkləmək üçün Almaniyaya gedəcək. Ufuk Kamalın sözlərinə görə, uğurları ilə fərqlənən Bəhram Rəcəbzadə həm də millətçiliyi ilə seçilir: “O həmişə Türkiyə və Azərbaycan bayraqlarını birlikdə başı üzərinə qaldırır. Bu da Türkiyə və Azərbaycanın dünyada təbliğatı baxımından effektiv addımdır. Hesab edirəm ki, Bəhrama ciddi dəstək verməliyik”. Ufuk Kamal bildirib ki, 4500 nəfərlik zalda baş tutacaq döyüşdə soydaşlarımızın daha çox olması və Bəhramı dəstəkləməsi vacibdir: “Ona görə də, burada yaşayan soydaşlarımızdan xahiş edirəm ki, döyüşün keçiriləcəyi məkana gəlsinlər və Bəhrama dəstək versinlər”.
Ufuk Kamal onu da əlavə edib ki, Bəhram Rəcəbzadənin döyüşəcəyi gündə, eyni məkanda erməni Boksçu Marat Qriqoriyan da döyüşəcək: “Görürük ki, erməni boksçuya ermənilər və erməni diasporu tərəfindən ciddi dəstək var. Ona görə bizim də fəal olmağımız zəruridir. Çalışmalıyıq ki, 4500 nəfərlik zalda daha çox erməniər yox, biz olaq”.
Xatırladaq ki, Bəhram Rəcəbzadə Bakıda “Orion” İdman Klubunun və Kikboksinq üzrə Azərbaycan Milli Komandasının üzvüdür. Kikboksinqin WAKO versiyası üzrə dünya çempionudur.
Elnur Eltürk
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir