Kriminal

Arvadını 5-ci mərtəbədən atan “Buta Palace”-ın art direktoru qayınanasını məhkəməyə verdi

Arvadını 5-ci mərtəbənin balkonundan ataraq öldürməkdə təqsirləndirilən “Buta Palace”ın art direktoru Ramiz Taxveli qayınanasına qarşı məhkəmə iddiası qaldırıb.

“Ölkə.Az” qafqazinfo-ya istinadən xəbər verir ki, R.Taxveli mərhum həyat yoldaşı Adelya Taxvelinin anası Samirə Süleymanovaya qarşı mülki iddia irəli sürüb.

R.Taxvelinin vəkili Qanqa İbrahimov saytımıza açıqlamasında bildirib ki, S.Süleymanova hadisənin baş verdiyi mənzilin açarlarına özündə saxlayaraq Taxveli ailəsinə təhvil vermir:

“Ev rəsmi olaraq, sənədlərlə Ramiz Taxvelinin adınadır. Samirə xanım isə evin açarlarını özündə saxlayır. Ramizin ailəsinin evə daxil olmasına, oradakı avadanlıqlardan istifadəyə, Ramizin şəxsi əşyalarını götürməyə icazə vermir.

Eyni zamanda, həmin binanın qarajında saxlanılan və Ramizə məxsus “Lexus” markalı avtomobili də geri qaytarmaqdan imtina edir”.

R.Taxvelinin ailəsi öncə polisə şikayət edib, oradan isə bu məsələnin mülki mübahisə olduğu bildirilib. Buna görə də mənzilin və maşının qaytarılması üçün R.Taxvelinin adından Nəsimi rayon Məhkəməsinə müraciət edilib.

İşə hakim Rəşid Səmədovun sədrliyi ilə baxılacaq.

Eyni zamanda R.Taxveli ilə bağlı Nəsimi Rayon Məhkəməsində daha bir çəkişmə prosesi var. “Unibank” ipoteka kredit müqaviləsi üzrə ödənilməmiş borca görə Ramiz Taxvelini məhkəməyə verib. O işə isə hakim Pərviz Hüseynovun sədrliyi ilə baxılır.

Qeyd edək ki, ötən il dekabrın 9-da Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də yaşayan Ramiz Taxveli həyat yoldaşı Adelya Taxvelini 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından atıb.

İttihama görə, R. Taxveli qızının epilepsiya xəstəsi olaraq doğulmasında arvadı Adelyanı daim günahkar bilib və buna görə mütəmadi olaraq mübahisə edib.

O, dekabrın 9-u axşam saat 22 radələrində marixuana qəbul edərək arvadı Adelyanı yuxudan oyadaraq döyüb və işgəncə verib.

Daha sonra onu saçından tutub sürüyərək otaqları gəzdirib, uşaqların yatdığı otağa apararaq onlarla vidalaşmağa məcbur edib.

Həmin vaxt yataqda olan xəstə qızı Aliyanı götürərək yerə çırpıb və belə oyadıb. Bu zaman epilepsiya xəstəsi olan Aliya başından xəsarət alıb.

R.Taxveli buna əhəmiyyət verməyib. Adelyanı sürüyərək eyvana çıxarıb, orada ayaqlarından tutaraq yuxarı qaldırıb və binadan aşağı atıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir