Qubada azərbaycanlıların soyqırımı ilə bağlı konfrans keçirilib, bəyanat qəbul olunub – YENİLƏNİB
Qubada 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar keçirilən “Etnik təmizləmə və soyqırımı cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində” mövzusunda konfrans başa çatıb.
“Zirvə yolu”nun məlumatına görə, tədbirdə ombudsman Səbinə Əliyeva, Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli, deputatlar Vahid Əhmədov, Hikmət Babaoğlu və başqaları çıxış ediblər.
Səbinə Əliyeva vurğulayıb ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlərə, habelə terror və soyqırımı aktlarına dair kifayət qədər əsaslı sübut və dəlillər olsa da, Azərbaycana münasibətdə nümayiş etdirilən ikili standartlar səbəbindən sülh və insanlıq əleyhinə olan bu cinayətlərə beynəlxalq miqyasda hələ də adekvat reaksiya verilməyib:
“Bir daha beynəlxalq təşkilatları ikili standartlara yol vermədən, azərbaycanlılara qarşı törədilmiş bu ağır cinayətlərə münasibətdə beynəlxalq hüquq normaları əsasında qətiyyətli və ədalətli mövqe nümayiş etdirməyə, soyqırımı aktını tanımağa çağırıram”.
Əvəz Ələkbərli isə bildirib ki, ermənilər zaman-zaman azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçiriblər. O söyləyib ki, nəticədə soydaşlarımız dədə-baba yurdlarından didərgin salınıblar: “İndiki Ermənistan qədim Azərbaycan torpaqlarında yaradılıb. Qərbi Azərbaycan torpaqları bizim tarixi torpaqlarımızdır. O torpaqlara iddia etmək üçün bizim hamımızın mənəvi haqqımız var
İcma sədri qeyd edib ki, ermənilər 1948-1953, 1987-1991-ci illərdə azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçiriblər, soydaşlarımız yurdlarından deportasiya olunublar: “Qərbi Azərbaycan ərazisində etnik təmizləmələr aparılıb, soydaşlarımızı tarixi torpaqlarından qovublar. Ermənilər 200 il ərzində yeritdikləri bu siyasəti sonuncu deportasiya zamanı başa çatdırıblar”.
Hikmət Babaoğlu deyib ki, beynəlxalq ictimaiyyət ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımına hüquqi və siyasi qiymət verməyib. Bu da dərin təəssüf doğurur.
Onun sözlərinə görə, Azərbaycan xalqı və dövləti inkişaf mərhələsində çox ağır məşəqqətlərdən keçib: “1918-ci ilin martın 30-dan aprelin 4-dək ölkəmizin bütün ərazisində və bugünkü Azərbaycanın sərhədlərindən kənarda etnik azərbaycanlıların yaşadığı ərazilərdə ermənilər tərəfindən soyqırımı törədilib. Təəssüf ki, buna hüquqi, siyasi qiymət verilməyib. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün 1918-ci ildə Fövqəladə İstintaq Komissiyası yaratmışdı. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti uzun yaşamadığına görə bu məsələ yarımçıq və problem olaraq qaldı”.
Deputat xatırladıb ki, yalnız 80 il sonra – 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib: “Bununla da biz tariximizin acı səhifələrini öyrənməyə və öyrətməyə başladıq. Azərbaycanlılara qarşı törədilən soyqırımı Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə edib. Qubada yaşayanlar da milli, etnik tərkibindən asılı olmayaraq erməni soyqırımına məruz qalıblar”.
Tədbirə həmçinin Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu rəhbərinin müavini Nimet Özkaya Sevimin və Türkiyənin Nəcməddin Ərbakan Universitetinin dosenti Yusuf Sayın videokonfrans formatında qoşulublar.
Konfransın sonunda bəyanat qəbul olunub.
Qubada 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Etnik təmizləmə və soyqırımı cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində” mövzusunda konfrans başlayıb.
“Zirvə yolu”nun xəbərinə görə, toplantı Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının, Qərbi Azərbaycan İcmasının və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.
Ombudsman Səbinə Əliyeva, Milli Məclisin deputatları Vahid Əhmədov, Hikmət Babaoğlu, Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və digər rəsmi şəxslərin iştirak etdiyi konfrans Qubadakı Heydər Əliyev Mərkəzində təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə Quba şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına gül dəstələri düzüblər.
Sonra Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunub, soyqırımı qurbanlarının xatirəsi anılıb.
Konfransa videokonfrans vasitəsilə Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu rəhbərinin müavini Nimet Özkaya Sevim və Nəcməddin Ərbakan Universitetinin dosenti Yusuf Sayın da qoşulacaq.