Xəbər

Ağstafada binəva kəndçi neynəsin? – GİLEY

Toxumçu fermer Nəsibov Adil Museyib oğlu Ağstafa DAİM-in direktoru Ramiz İmanovdan, Aqrar Xidmətlər Agentliyinin (AXA) Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Tovuz Regional Mərkəzinin direktoru Ədalət Yadigarovdan şikayətçidir.
Toxumçu fermer tərəfindən Faktinfo.az saytına göndərilən məlumatda deyilir:

“2008-ci ildən toxumçu fermerəm. Kənd Təsərrüfatı Nazirliyinin nəzdində arpa-buğda əkmişəm. Bu illər ərzində aqrotexniki normalara əməl etməklə, yüksək məhsuldarlıq əldə etmişəm. Mənə 2022-ci ilin payız əkini üçün noyabr ayında KTN tərəfindən “qırmızı gül” buğda sortu olan 6 ton elit toxum verilib. Öz hesabıma isə Samux rayon Toxumçuluq Təsərrüfatı İdarəsindən 12 ton “qırmızı gül” R1 sortu olan buğda toxumu alıb, 200 hektar torpağa səpmişəm. Eləcə də, əkdiyim 200 hektar torpağın dövlət aktını, toxumun ilkin sənədlərini Ağstafa DAİM-də Tovuz Regional Mərkəzinin nümayəndəliyinə vermişəm. Daha sonra 200 hektar buğda əkininin sənədinin bir nüsxəsini özümdə saxlamaqla, Tovuz Regional Mərkəzinin direktoru Ədalət Yadigarova da təqdim etmişəm. Hazırda portala 200 hektar əkin sahəsinin 22 hektarı vurulub, 178 hektar buğda əkini qeydiyyata alınmayıb. Beləliklə, toxumçu fermer kimi əkdiyim 200 hektar ərazinin 178 hektarına görə veriləcək subsidiyadan, eləcə də məhsul subsidiyasından məhrum edilmişəm. Bəlkə bilmirəm, halal haqqım olan 200 hektar əkinin qeydiyyatına görə, Aqrar Xidmətlər Agentliyinin (AXA) Laboratoriya, Ekspertiza və Sertifikatlaşma Tovuz Regional Mərkəzinin direktoru Ədalət Yadigarov, mərkəzin Ağstafa DAİM-də oturan nümayəndəsinə rüşvət verməliyəmmiş? Əgər, təmənnaları yox idisə, 200 hektar buğda sahəsi üçün qanuna müvafiq verilməli subsidiya nədən zəhmətimin qarşılığında mənə verilməsin ki?

Deyə bilərlər ki, elektron sistemdə şəxsi kabinetimə bəyan verməli idim. Yəni, əkin bəyanını sistemdə şəxsi kabinetimə oturtmalı idim. Bununla da qeydiyyat aparılmalı idi. Yaxşı, əgər mən şəxsi kabinetimdə bəyanı sistemə oturtmamışdımsa, (digər tərəfdən bunu etməyə də bilərəm, çünki 200 hektar buğda əkininin rəsmi sənədlərini Tovuz Regional Mərkəzinə təqdim etmişəm) hardan alıb yazıblar 22 hektarı? Bunu texniki səhv bilirlərsə, yazaydılar 222 hektar. Niyə 200 hektarı 22 hektar kimi qeyd edirdilər ki? Tutaq ki, mən yazıb oxuya bilmirəm, mənim sənədim doğru, düzgün sistemə vurulmamalıdır?! Axı, Ağstafa DAİM-də EKTİS otağında 4-5 şəxs bu iş üçün ayrılıb! Onlar nə işlə məşğuldurlar? Digər tərəfdən, kağız formasında Tovuz Regional Mərkəzinə sənədim qəbul olunub, Ədalət Yadigarov da sənədin bir surətini Bakıya baş idarəyə təqdim edib. Yəni, hamısı eyni vaxtda səhv edə bilərdilər, bir düşünsünlər.

Bu yazıqlar normal bir uyğunluq olmasını da unudublar. Mənə KTN tərəfindən 6 ton elit “qırmızı gül” buğda sortu verilib. Bu toxum 30 hektar əkin sahəsinə səpilməsi üçün nəzərdə tutulub. Bəs sabah nazirlikdə bir ağıllı tapılmaz ki, desin: “Sizə 6 ton elit “qırmızı gül” buğda sortu verilib ki, toxumu 30 hektar əkin sahəsinə səpin. Siz isə bunu 22 hektar torpağa səpmisiniz. Neynəmisiz, elit “qırmızı gül” buğda sortu olan toxumun qalan hissəsini, toyuq-cücəyə yedirtmisiz?”

Deməzlərmi? Deyərlər! Bu məntiq özü belə mənə qarşı qərəzin göstəricisi deyilmi?! Bu o anlama gəlmirmi ki, toxumçu fermer kimi buğda əkdiyim 200 hektar ərazinin 178 hektarını qeydiyyata almamaqla məni “bankrot” etmək istəyirlər?! Bəlkə bazara yeni toxumçu “fermer” çıxartmaq fikrləri var?

Ötən il əkdiyim sahədən 180 ton toxum satmışam, 15 ton toxumu öz torpaq ərazimə səpməyə saxlamışam. Mən bölgədə strateji məhsul hesab edilən buğdanın istehsalı ilə məşğul olan barmaqla sayılacaq fermerlərdənəm. Bunlar mənə sağol deməkdənsə, maneə və əngəl törədirlər. Ağstafa DAİM-dəkilər məsuliyyəti boynundan atır, eyni yanaşmanı Ədalət Yadigarov sərgiləyir. Hər il 40-45 sentiner məhsul əldə edən toxumçu fermerin bu il Tovuz Regional Mərkəzi 200 hektar elit və R1 repreduksiyalı əkinini nədən qeydiyyata almayıb,sualının Ədalət Yadigarova verilməsi üçün ölkə rəhbərliyinə, digər dövlət orqanlarına müraciət etmişəm.”

Məsələyə münasibət öyrənmək üçün Ağstafa DAİM-in direktoru Ramiz İmanovla əlaqə saxlanılıb. Ramiz İmanov yaranmış problemin Tovuz Regional Mərkəzinə və mərkəzin Ağstafa DAİM-də yerləşən nümayəndələrinə aid olduğunu bildirib. Tovuz Regional Mərkəzinin direktoru Ədalət Yadigarov isə yaranmış problemi toxumçu fermer Nəsibov Adil Museyib oğlunun özü ilə əlaqələndirib. Direktor bildirib ki, fermerin şəxsi kabineti var. Sənədləri düzdürsə, fermer elektron sistem üzərindən şəxsi kabinetində əkin bəyanını göstərməli idi. O səbəbdən də onun əkdiyi taxıl sahəsinin 22 hektarının qeydiyyatı aparılıb. Bizlik deyil, heç bir məsuliyyətimiz yoxdur, -deyə o, bildirib.

FAKTİNFO.AZ

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir