Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Müalicə Müəssisəsində xüsusilə ağır cinayətlər törətdiyinə görə azadlıqdan məhrum edilmiş Quliyev Eşqin Zahid oğlunun ölüm səbəbi ilə sosial şəbəkələrdə yayılan xəbərlərlə bağlı daha bir açıqlama yayıb.
Unikal.org xəbər verir ki, yayılan məlumatda bildirilir:
“Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bildirir ki, əvvəllər banditizmdə – silahlı qruplar tərəfindən odlu silahdan istifadə etməklə törədilmiş basqınlarda iştirak etdiyinə görə 9 il müddətinə azadlıqdan məhrum edilmiş E.Quliyev azadlığa çıxdıqdan sonra Gəncə hadisələrində mütəşəkkil cinayətkar dəstə tərkibində iki nəfərin xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar öldürülməsində, terrorçuluğun və digər xüsusilə ağır və ağır cinayətlərin törədilməsində təqsirli bilinərək məhkəmə tərəfindən 20 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq təcridxanasına daxil olarkən E.Quliyevdə aparılmış tibbi müayinə nəticəsində ağır xroniki – QİÇS – Qazanılmış İmmun Çatışmazlığı Sindromu (“SPİD” xəstəliyinin sonuncu IV mərhələsi), viruslu hepatit B və C və digər xəstəliklər aşkar olunub.
Bununla əlaqədar E.Quliyevin sağlamlıq durumu istintaq təcridxanasında daim həkim nəzarətində saxlanılıb və ona əvvəlcə zəruri ambulator yardım göstərilib, lakin xəstəliyi ağırlaşdığından o, stasionar şəraitdə müalicə olunmaq üçün Müalicə Müəssisəsinə keçirilib.
İntensiv müalicə tədbirlərinin görülməsinə baxmayaraq narkomanlıqdan əziyyət çəkən E.Quliyev müalicəsi tam mümkün olmayan kəskin infeksion xəstəliklərə düçar olduğundan səhhəti ağırlaşmaqda davam edib və o, QİÇS, viruslu Hepatit B və C, qan laxtalanmasının pozulması, anemiya, dərin koma fonunda ağciyər-ürək çatışmazlığından sentyabrın 29-da Müalicə Müəssisəsində vəfat edib.
Ölüm faktı ilə bağlı qanuna uyğun olaraq prokurorluq tərəfindən müvafiq araşdırma aparılır.
Penitensiar xidmət mərhumun ailəsinə başsağlığı verərək təəssüflə bildirir ki, sosial şəbəkələrdə müxalifət qüvvələri cəfəng fikirlər söyləyərək mərhumun guya fiziki zorakılığa məruz qaldığından ölməsi kimi qələmə verməklə cəmiyyətdə çaşqınlıq yaradır, dövlət orqanlarının fəaliyyətinə kölgə salır, öz çirkin siyasi məqsədləri naminə mərhumun ailəsinə mənəvi iztirab yaşadırlar”.