“Mine Action Day”: “Azərbaycan azad edilmiş torpaqların minalardan təmizlənməsi üçün böyük səylər göstərir”
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan mina probleminin bütün çətinliklərini hiss etdi: əvvəlcə Ermənistan mina sahələrinin xəritələrini Azərbaycana verməkdən hər vəchlə imtina etdi, təzyiq altında bunu edəndə isə məlumatların son dərəcə qeyri-dəqiq olduğu üzə çıxdı. Bütün bunlar ərazilərin minalardan təmizlənməsi prosesini, nəticədə isə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmasını ləngidir.
“Zirvə yolu” xəbər verir ki, əraziləri minalardan təmizlənməyə dəstəyi beynəlxalq təşkilatlar və bir sıra ölkələrin hökumətləri də verir, lakin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalarla çirklənmə səviyyəsi o qədər yüksəkdir ki, bu dəstək dəryada sadəcə damladır.
Vəziyyətin mürəkkəbliyi həm də ondan ibarətdir ki, Ermənistan tərəfi müharibə başa çatandan sonra da Azərbaycan ərazisini minalamaqda davam edir. Belə ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra Ermənistan tərəfindən 2021-ci ildə elə bu ölkədə istehsal olunan minalar Azərbaycan ərazisinə yerləşdirilib. Beynəlxalq ictimaiyyət işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə işlərinin gedişini diqqətlə izləməli və hərəkətləri ilə regionda təhlükəsizliyi pozan Ermənistan tərəfini qınamalıdır.
ANAMA Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin 68 min 953 hektarını minalardan və partlamamış döyüş sursatlarından təmizləyib, lakin, ekspertlərin fikrincə, hələ görüləsi iş çoxdur.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si ölüb.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) BMT-nin İnkişaf Proqramı, Avropa İttifaqı, Böyük Britaniya və Fransa hökumətləri ilə birlikdə azad edilmiş əraziləri minalardan təmizləyir.
Hazırda BMT İP məlumatların idarə edilməsi üzrə ekspertlər və məsləhətçilərin işə götürülməsi, Milli Mina Təmizləmə Standartları (MMAS) ilə ANAMA-ya minalarla mübarizə fəaliyyətini yaxşılaşdırmaq üçün müxtəlif donorlar vasitəsilə dəstək verir.
Bu ilin fevralında BMT İnkişaf Proqramı və Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) “ANAMA-nın potensialının artırılması ilə məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasının dəstəklənməsi” layihəsinə start veriblər.
“Bu layihə 18 aylıq müddəti əhatə edir”, – ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində ANAMA informasiya sistemi təkmilləşdiriləcək, yeni minatəmizləmə qrupları və ilk dəfə olaraq xüsusi qadın istehkamçılar komandası yaradılacaq.
Layihə çərçivəsində minalardan təmizləməyə kömək etmək üçün öyrədilmiş heyvanların – siçovulların və itlərin Azərbaycana gətirilməsi də nəzərdə tutulur.
Azərbaycanın azad edilmiş ərazilərin bərpası üzrə səylərini nəzərə alsaq, əlbəttə ki, ərazilərin minalardan təmizlənməsi kifayət qədər vaxt aparacaq, lakin bu, tam şəkildə reallaşa bilər.
Qeyd edək ki, 2006-cı ildən etibarən 4 aprel tarixi beynəlxalq mina təhlükəsizliyi barədə maarifləndirmə və minalardan təmizləmə fəaliyyətinə yardim günü kimi qeyd edilir.