ABŞ-ın müdafiə naziri Lloyd Ostin İsveçin NATO-ya daxil olmasının müzakirəsi üçün apreldə bu ölkəyə səfər etmək niyyətində olduğunu açıqlayıb.
Bu barədə “Zirvə yolu” Pentaqonun saytına istinadən xəbər verir.
Lloyd Ostin Alyansın 74-cü ildönümü günündə NATO-nun 31-ci üzvü olan Finlandiyaya minnətdarlığını bildirib. Nazir qeyd edib ki, Finlandiyanın NATO-ya daxil olması Alyansın demokratik dəyərlərinin cəlbediciliyinin və qaydalara əsaslanan beynəlxalq nizamın dəstəklənməsinin sübutudur.
Ostin Finlandiya ilə müttəfiq kimi birgə işləmək, həmçinin İsveçin NATO-ya erkən daxil olmasını səbirsizliklə gözlədiyini deyib. Nazir qeyd edib ki, bu ayın sonunda İsveçə səfəri çərçivəsində bir sıra regional təhlükəsizlik məsələləri və ölkənin NATO-ya qəbulu ilə bağlı planları müzakirə etməyi planlaşdırır.