Azərbaycanda dərman monopoliyası ilə bağlı uzun illərdir ki, müzakirələr gedir, hətta bu məsələ müxtəlif beynəlxalq təşkilatların hesabatlarına da düşüb.
Bu sahə ilə bağlı araşdırmaçı jurnalistlər də dəfələrlə təkzibolunma faktlar ortaya qoyublar.
“Arqument.az” xəbər verir ki, bu monopoliyanın əsas fiqurları kimi isə deputat Cavanşir Feyziyev və həmkarı Kəmaləddin Qafarovun adı daha çox hallanıb, çünki hər ikisi faktiki dərman monopolisti kimi tanınır.
Ona görə də Milli Məclisin Səhiyyə komitəsinin bir neçə gün öncə keçirilən iclasında deputat Kəmaləddin Qafarovun “Azərbaycanda bəzi dərmanların qiymətləri Türkiyədən ucuzdur” fikri hələ də müzakirəyə səbəb olub.
Sosial mediadakı müzakirələrdən də aydın görünür ki, deputat bununla monopoliyaya aldığı sahədə “şəffaflıq”ın olmasını sübut etməyə çalışır, halbuki bu sahə ən qeyri-şəffaf sahələrdəndir.
Bəs, doğrudan da, vəziyyət necədir?
Kəmaləddin Qafarovun çıxışına mütəxəssislərin də rəyləri ortadadır.
Məsələn, tanınmış pediatr Vaqif Qarayev “demokrat.az”a deyib ki, Azərbaycana gətirilən dərmanların keyfiyyəti çox aşağıdır: “Pandemiyadan sonra bu sahədə aləm bir-birinə qarışıb. İdxalçılar dərmanların qiymətinin bahalığını Rusiya-Ukrayna müharibəsi ilə əlaqləndirirlər. Lakin məsələ burasındadır ki, Avropadan ölkəmizə gələn dərmanlar da çox bahadır. Yəni belə paradoksal zəncir alınıb. Ucuz satanlar yoxdur, çünki ölkəyə ucuz dərmanlar gətirilmir, olanlar da bahadır. Əlbəttə ki, təcili bunu tənzimləmək lazımdır”.
“İnanın ki adam utanır”
“Milli Məclisdə deputatların həmin çıxışına qulaq asmışam, parlamentdə də dərmanların bahalaşması ilə bağlı fikirlər səsləndirilib. Təbii ki, hər bir halda bu dövlətin işidir. Həkim kimi ancaq onu deyə bilərəm ki, dərmanların keyfiyyəti çox pisdir. Hətta axırıncı pandemiyada Alman aptekindən alınan dərmanlar da qızdırmanı aşağı salmırdı. Bununla bağlı valideynlər də şikayət edirdi. İnanın ki, adam utanır, ölkəyə gətirilən dərmanlar o qədər keyfiyyətsizdir ki, adi qızdırmanı belə aşağı sala bilmirsən”.
“İnsanlıqdan bixəbər, dərman monopoliyasını yaradan şəxs…”
Bəhruz Əliyev adlı sosial media istifadəçisi deputatın çıxışını belə şərh edib: “Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat Kəmaləddin Qafarov Azərbaycanda bəzi dərmanların qiymətlərinin Türkiyədən ucuz olduğunu bildirib. Bilmirəm bu deputat insanlarla zarafat edir, yoxsa MM-də ab-hava başqadır, orda dayanıb elə danışırlar ki, insan bir anlıq özünü cənnətdə hiss edir. Azərbaycanda dərmanların qiymətinin Türkiyədən ucuz olduğunu söyləmək gülməlidir. Nə qədər utancverici olsa da, insanlarımız müalicə almaq üçün İrana gedirlər. Bunun əsas səbəbi dərman və müalicənin baha olmasıdır. Bunun da əsas səbəbkarı insanlıqdan bixəbər, dərman monopoliyasını yaradan şəxsdir. Maraqlıdır, Kəmaləddin müəllim, Azərbaycanda hansı dərmanlar Türkiyədən ucuz və ya keyfiyyətlidir? Qarın ağrısı dərmanı? Bilirsinizmi, çox insanlar xəstələnəndə dərmanların baha olması səbəbindən apteklərə gedə bilmirlər. Təbii ki,hava sizin üçün xoşdur, “ZƏFƏRAN” aptekləri sizin xidmətinizdədir”.
“O, aclıqdan əziyyət çəkən insanların nələr yaşadıqlarını başa düşə bilməz. Çünki onun üçün hər yer Mayamidir. Maraqlıdır, görəsən, Ümumdünya Səhiyyə Təşkilatı nə vaxtsa yalan danışan insanlar üçün dərman hazırlayacaqmı? Çünki bu xəstəliyə yoluxanların sayı hər gün artır”, – deyə o qeyd edib.
“Yalan o qədər ağ olub ki…”
Jurnalist Hüseyn İsmayılbəyli isə deputatın çıxışını yumorla şərh edib: “Deputat Kamaləddin Qafarov (beləsi də varmış) bu gün MM-də iclasda deyib ki, Azərbaycanda dərmanlar Türkiyədəkindən ucuzdur. Yalan o qədər ağ olub ki, hətta Əhliman Əmiraslanov da buna etiraz edib”.
“Deputat kökündən səhv edir, əhalini aldadır”
“Deputat Kəmaləddin Qafarov dərmanların Azərbaycanda Türkiyədən daha ucuz olduğunu deməklə, əlbəttə, kökündən səhv edir. O, əhalini aldadır. Çünki özü fəal dərman biznesi ilə məşğul olur”.
Bunu isə Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, Azərbaycanda dərmanlar bir çox ölkələrdən dəfələrlə bahadır, keyfiyyəti də aşağıdır, çünki insanların xəstəliyinə təsir etmir: “İnsanlar apteklərdə növbədədirlər. Səbəbi nədir? Birincisi, insanlar ciddi xəstədirlər, görünür, bu, qidadan da qaynaqlanır. İkincisi, dərmanlar keyfiyyətsizdir”.
Arqument.az