Nazir: “Azərbaycanın bir sıra zəngin mədəni irs nümunələri UNESCO-nun siyahısına daxil edilib”
“Türk dövlətlərinin zəngin maddi və mənəvi irsinin qorunaraq gələcək nəsillərə çatdırılmasında TÜRKSOY-un rolu əvəzolunmazdır”.
“Zirvə yolu” xəbər verir ki, bunu TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
O söyləyib ki, geniş coğrafiyada yerləşən türk dövlətlərinin zəngin təbii irsinin mövcudluğu və bu sahədə birgə fəaliyyətin aparılması TÜRKSOY-u beynəlxalq miqyasda təbii irsimizin qorunmasında əsas təşkilatlardan biri edir: “Bu xüsusda TÜRKSOY-a üzv dövlətlərin UNESCO üzrə Milli Komissiyalarının Türkiyənin Bursa şəhərində keçirilən 8-ci iclasında qəbul edilən qətnamələrdə qeyd olunan məsələlərin, xüsusilə təbii və mədəni irsin qorunmasında birgə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamaq istərdim”.
M.Babayev vurğulayıb ki, Azərbaycan Respublikası UNESCO ilə əməkdaşlığa 1992-ci ildən etibarən başlayıb və bir çox sahələr üzrə uğurlu fəaliyyətlər həyata keçirilib: “Ötən dövr ərzində Azərbaycanın bir sıra zəngin mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahısına daxil edilib və qlobal miqyasda öz layiqli yerini tutub.
Biocoğrafi cəhətdən Azərbaycanın unikal bir ərazidə yerləşməsi və bunun nəticəsində müxtəlif ekosistemlərin formalaşması bizə bu ərazilərinin bəzilərinin UNESCO-nun təbii irs siyahısına daxil edilməsinə imkan yaradır”.