Manşet

Prezident naziri işdən çıxardı, iclasdan QOVDU

Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov hökumətin geniştərkibli iclasında Daxili işlər naziri İskəndər Mulikovu işdən çıxarıb. Prezident Baş prokuror Batir Atdaevin Mulikovun nöqsanlarına dair hesabatını dinləyəndən sonra onun işdən çıxarıldğını elan edib və iclas zalından qovub.

Modern.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, keçmiş nazirin rütbəsi mayor dərəcəsinə endirilib və dövlət mükafatları alınıb.

Daxili işlər naziri vəzifəsinə Mammetxan Çakiyev təyin olunub. O, Nazirlər Kabinetinin sədr müavini postunda çalışırdı.

Bundan öncə “Azadlıq” radiosu daxili işlər nazirinin sürücüsü Maksat Amanovun həbs olunması haqda məlumat yaymışdı. Radionun məlumatına görə, nazirin işdən çıxarılması və sürücüsünün həbsi Aşqabadda biznesmen Çar Kulov və keçmiş xarici iqtisadi əlaqələr naziri Amandurd İshanovun həbsləri ilə bağlıdır.

Mulikovun biznes maraqlarına Aşqabadda bir neçə restoran, kafe və mağaza daxildir.  “Okean” restoranı, “Ayperi” və “Türk yeməkləri” kafeləri müsadirə olunub.

Qeyd olunur ki, DİN sistemində təmizləmə İskander Mulikovla Milli təhlükəsizlik naziri Yaylım Berdiyev arasındakı çəkişmənin nəticəsidir.

Mənbələrin deməsinə görə, Mulikovun Türkmənistan prezidentinin yaxın qohumları arasında nüfuzlu hamisi olduğundan o, vəzifədə sələflərindən daha çox qala bilib.

Mulikov 2009-cu ilin mayından daxili işlər naziri idi.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir