“Akıncı” PUA, “Bayraktar TB2” pilotsuz uçuş aparatının lazerlə işarələdiyi hədəfi ASELSAN şirkətinin LGK-81 lazer tuşlama dəstinə inteqrasiya edilən ümumi təyinatlı bomba ilə tam dəqiqliklə vurdu.
Beləliklə, yerli və milli imkanlarla tamamilə türk mühəndisləri tərəfindən hazırlanmış ASELSAN LGK-81 Lazer Tuşlama Dəstinin effektivliyi bir daha sübut olundu.
“Zirvə yolu” xəbər verir ki, ASELSAN İdarə Heyətinin sədri və Baş direktoru Prof. Dr. Haluk Görgün, Türk müdafiə sənayesi üçün qürurverici inkişafla bağlı, “Bu qürur hamımıza, Türkiyəyə məxsusdur. ASELSAN-ın milli mühəndislik gücü ilə ərazidə oyunu dəyişdirən PUA-larımıza verdiyimiz texnoloji töhfə davam edəcəkdir. Biz çiyin-çiyinə daha yaxşıya doğru çalışmaqda davam edəcəyik” mesajını paylaşdı.
ASELSAN-ın sosial media hesabında da “Gecə Bayraktar TB2-ni işarələdi və AKINCI ASELSAN LGK-81 ilə vurdu. Milli PUA-larımıza hər cür şəraitdə üstün zərbə gücü təmin etməyə davam edirik. Bayraktar AKINCI, Bayraktar TB2 PUA lazerinin işarələdiyi hədəfi LGK-81 Lazer Tuşlama Dəsti ilə birbaşa zərbə ilə vurdu” paylaşımı edildi.
ASELSAN istənilən şəraitdə milli PUA-lara üstün zərbə gücü qazandırmağa davam edir. ASELSAN tərəfindən LGK lazer tuşlama dəsti idarə olunmayan aviasiya bombaları üçün hazırlanıb. Bu yeni dəstlər bombaları sərfəli və son dərəcə etibarlı “ağıllı” sursata çevirən avadanlıqdır. LGK lazer tuşlama dəsti stasionar və hərəkətli hədəflərə qarşı daha yüksək vuruş dəqiqliyi, atəş məsafəsinin artması, kənar ziyan və atışdan sonra hədəfi dəyişdirmə imkanlarını təmin edir. Dəst, yarıaktiv lazer özütuşlama başlığı, tuşlama bölməsi, istilik batareyası, qanad sükan sistemi və arxa quyruqdan ibarətdir. Sursat hədəfdən əks olunan lazer şüası ilə idarə olunur: lazer özütuşlama başlığı hədəfdən əks olunan lazer şüasını qəbul edir, sükanlar isə bombanı lazerlə işarələnmiş hədəfə yönəldir. Fəaliyyət məsafəsi 12 km, atılma hündürlüyü 12000 metr, dairəvi sapma ehtimalı 10 metr, zərbə bucağı 15O təşkil edir.
Xatırladaq ki, hazırda LGK lazer tuşlama dəsti ilə təchiz edilən aviasiya bombaları Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) silahlanmasında da yer almaqdadır. Vətən müharibəsində əks hücum əməliyyatları zamanı Hərbi Hava Qüvvələrinə məxsus Su-25M döyüş təyyarələri tərəfindən LGK lazer tuşlama dəsti geniş istifadə edilib. “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatlarının lazer işarələməsindən sonra Su-25M döyüş təyyarəsi LGK lazer tuşlama dəsti ilə komplektləşdirilən aviasiya bombası ilə Ermənistan Ordusunun hədəflərini uğurla sıradan çıxarıb.