Fransanın paytaxtı Parisdə Azərbaycan musiqilərindən ibarət “Alov və İpək yurdu” adlı konsert keçirilib.
“Zirvə yolu” xəbər verir ki, Parisin 8-ci rayonunun meriyası, “Arts Au Diapason” Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən konsertdə azərbaycanlı bəstəkarların əsərlərini pianoçu Səidə Zülfüqarova, violonçeldə Lor Volpato ifa ediblər. Proqramda Tofiq Zülfüqarov, Fikrət Əmirov, Arif Məlikov, Adelya Hüseynzadə, Əşrəf Abbasov, Cövdət Hacıyev, Cahangir Zülfüqarov, Fərhad Bədəlbəylinin əsərləri yer alıb.
Konsertdə azərbaycan bəstəkarları, onların yaradıcılığı, musiqimiz, habelə muğam, milli musiqi alətlərimiz tar və kamança haqqında qonaqlara geniş məlumat verilib. Muğamın və kamançanın UNESCO-nun qeyri-maddi irsi siyahısına daxil edildiyi xüsusi vurğulanıb.
Tədbirdə fransalı violonçel ustası Lor Volpato qonaqlara Azərbaycan şairlərindən Nəbi Xəzri, Nizami Gəncəvi, Nəriman Həsənzadənin şeirlərinə bəstələnmiş musiqiləri ifa edib.