İngiltərə Premyer Liqasının 32-ci turunun matçında “Arsenal” doğma meydanda “Sauthempton”u qəbul edib.
“Zirvə yolu” xəbər verir ki, dramatik keçən qarşılaşmada qalib müəyyənləşməyib – 3:3.
Görüşün 26-cı saniyəsində “Arsenal”ın qapıçısı Aaron Ramsdeylin səhvindən sonra hesabı Karlos Alkaras açıb. 14-cü dəqiqədə Teo Uolkott keçmiş komandasının qapısına qol vuraraq fərqi ikiyə çatdırıb. “Arsenal” 20-ci dəqiqədə Qabriel Martinellinin vurduğu qolla fərqi minimuma endirib. 66-cı dəqiqədə müdafiəçi Due Çaleta-Tsar “Arsenal”ın qapısına 3-cü qolu vurub. “Topçular” Martin Odeqorun sayəsində qonaq komandanı ikinci dəfə məyus edib və bir neçə dəqiqə sonra Bukayo Saka komandasına heç-heçə gətirib.
Beləliklə, “Arsenal”ın İngiltərə Premyer Liqasında uğursuz seriyası davam edir. Bu, liderin qalib gələ bilmədiyi üçüncü oyun olub. Daha öncə “topçular” “Liverpul” və “Vest Hem Yunayted”lə bərabərə qalıblar – hər iki oyun 2:2 hesabı ilə başa çatıb.
London klubu 32 matçda 75 xal toplayaraq turnir cədvəlində birinci yeri tutmaqda davam edir. Onu ən yaxın təqibçisi “Mançester Siti”dən 5 xal ayırsa da, Pep Qvardiolanın yetirmələrinin ehtiyatında 2 oyun var.
“Müqəddəs”lər isə 3 oyunluq məğlubiyyət seriyasına son qoyub. Komanda 24 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qalıb. Komandanı liqada qalmasını təmin edən 17-ci pillədən 3 xal ayırır. “Sauthempton”la yanaşı “Lester” və “Nottingem Forest” komandaları da yüksək liqadan düşmək təhlükəsi ilə üz-üzədirlər.