Manşet Siyasət

AZƏRBAYCANÇILIQ İDEOLOGİYASININ BANİSİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN DÖVLƏTÇİLİK VƏ DİPLOMATİK İRSİ: HƏDƏFLƏR VƏ NƏTİCƏLƏR

Azərbaycanın siyasi – ideoloji, dövlətçilik tarixində möhtəşəm yer tutan Heydər Əliyev ümummilli liderlik, öndərlik səviyyəsinə yüksəlmiş nadir şəxsiyyətlərdəndir. O, sözün həqiqi mənasında “ümummilli öndər, vahid lider statusu qazanmış” dahi siyasətçidir. H.Əliyev müasir dövrdə azərbaycançılıq ideologiyasının banisi kimi ən böyük şöhrət zirvəsinə yüksəlmişdir. Özünün müdrik strategiyası, tarixi uzaqgörənliyi ilə milli dövlətçiliyi, müstəqilliyi reallaşdıran Ulu Öndər azərbaycançılıq ideologiyasını uğurla həyata keçirmişdir. H.Əliyevin əzmkar, məqsədyönlü siyasəti sayəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında ən etibarlı körpü rolu oynamağa başlamış, dünyanın ən dinamik inkişaf edən ölkələrdən birinə çevrilmişdir. Məqalədə Ümummilli lider Heydər Əliyevin respublikamızın dayanıqlı inkişafında bütün istiqamətləri əhatə edən əvəzsiz töhfəsi vurğulanır. Burada azərbaycançılıq  ideologiyası milli maraqları, güclü dövlətçiliyi və yüksək milli özünüdərki, möhkəm milli həmrəyliyi özündə əks etdirən fenomen kimi təqdim edilir.

Məlumdur ki, azərbaycançılıq ideologiyası Azərbaycan xalqının birlik ideyasını gücləndirir, bütün dünyadakı nəsilləri və azərbaycanlıları birləşdirir. AXC-nin ideoloji varisi kimi azərbaycançılıq müstəqillik illərində ictimai-siyasi həyatın ayrılmaz hissəsinə çevrildi. Müstəqilliyin ilk günlərində milli birlik zərurəti ölkəni parçalanma həddinə çatdırdı. Dağıdıcı millətçilik ölkədə yaşayan azlıqlara mənfi təsir göstərmiş, münaqişə mənbəyinə çevrilmişdir. Milli, etnik və məzhəb qarşıdurmaları artdı. Belə bir vəziyyətdə ona xalq arasında birtərəfli həmrəylik yaradan əxlaqi fenomen lazım idi.

Azərbaycanda azərbaycançılıq belə birləşdirici, birləşdirici funksiya yerinə yetirdi. “Millət-Azərbaycan, milli ideya, sivil ideya-dövlət-Azərbaycan modeli çılğındır” Akademik Y.Qarayev bunu “bizim iki əsarətin nəzəri-ideoloji düşüncəmizin nəticəsi” kimi xarakterizə edir.

1993-cü ildə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər H.Əliyev azərbaycançılıq məfkurəsinin etnik, dini, mədəni konsepsiyasını, doktrinal səviyyəsini formalaşdırmışdır. O, milli-ideoloji baxışlar sisteminin formalaşmasında AXC-nin varislik prinsipini qoruyub saxlamış, AXC yaradıcılarının irəli sürdüyü azərbaycançılıq ideologiyasına əl atmış, onu Azərbaycan xalqının birləşdirici suverenliyi ideyası kimi qiymətləndirmişdir.  Azərbaycançılıq ideoloji baxışlar sistemi kimi Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini özündə cəmləşdirir, ictimai-siyasi proseslər, xüsusən də dövlət quruculuğu, konstitusiya quruluşuna çox müsbət təsir göstərir. Azərbaycançılıq Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, demokratik inkişafına yönəlmiş bir ideologiya kimi yaradılmışdır və bu baxımdan təcavüzkar millətçiliyi və şovinizmi qəbul etmir. Azərbaycançılıq ideyalarının əsasını millətçilik deyil, vətəndaşlıq dəyərləri təşkil edir. Bu ideyanın məqsədi demokratik inkişafı və konsolidasiyanı təmin edə biləcək dəyərlər sistemi yaratmaqdır. Azərbaycançılıq modeli qlobal dünya düzənində bərabərhüquqlu və dəyərli tərəfdaş kimi dövlətçilik impulsunun tolerantlıq, milli ideologiya, eləcə də inteqrasiyanın uğurlu birləşməsinin nümunəsidir.

Deyə bilərik ki, azərbaycançılıq məfkurəsinin mahiyyətində üç humanist dəyər ünsürü vardır:

1) etnik və ya milli mənsubiyyət,

2) dini mənsubiyyət,

3) universal və ya dünyəvi mənsubiyyət

1991-1993-cü illərdə ölkəmizdə sosial, iqtisadi, hüquqi və ideoloji sahələrdə xaos və sapmalarla müşayiət olunan dərin böhran vəziyyətləri baş verdi. H.Babaoğlu siyasi arenada separatizm və mərkəzdənqaçma meyllərinin geniş vüsət almasına diqqət yetirməklə yanaşı, ideoloji sahədə ekstremizmə, qarşıdurmaların güclənməsinə, dağıdıcı mübarizələrə də diqqət çəkir.

Azərbaycanın ən kritik vəziyyətində hakimiyyətə gələn H.Əliyev böhran və tənəzzülə son qoymaq üçün bir çox iqtisadi, siyasi, mədəni və mənəvi tədbirlər həyata keçirmiş, ciddi islahatlarla yanaşı, azərbaycançılıq ideologiyasını formalaşdırmışdır. Belə bir dövrdə milli həmrəylik və birliyi təmin edəcək ünsür olan, ümumbəşəri ideoloji formul kimi səciyyələnən və neomühafizəkarlığın milli modeli kimi çıxış edən “azərbaycançılıq” ideologiyasının əsasları qoyuldu. O, milli siyasətin mühüm strateji aspektinə çevrilmiş və milli həmrəyliyin əsası olmuşdur.

1993-cü ildən müasir elmi-nəzəri hadisə kimi azərbaycançılıq ideologiyasının formalaşmasında və inkişafında çox dəyərli rol oynamış Ulu Öndər Heydər Əliyev onu milli dövlət quruculuğunun ayrılmaz tərkib hissəsi olaraq ictimai həyata  tətbiq etmiş, nəticədə  bu ideologiya xalqın sosial şüuruna hakim kəsilmişdir. O, böyük dövlət xadimi, çətin tarixi-siyasi situasiyalardan asanlıqla çıxan lider, güclü siyasi iradə, tarixin gedişatını proqnozlaşdırıb istiqamətləndirə bilən böyük strateq idi. O, Azərbaycan xalqına, müstəqil dövlətimizə zəngin nəzəri irs, güclü tarixi təcrübə və idarəçilik təcrübəsi qoyub getmişdir. Onun dərin tarixi irsində Azərbaycana aidiyyatı olmayan, Azərbaycanın milli-tarixi taleyini əks etdirməyən ideya belə tapmaq mümkün deyil. Çünki azərbaycançılıq onun təkcə hərəkətlərində deyil, həm də qəlbində və düşüncəsində, daxili-mənəvi varlığında, əzəmətli şəxsiyyətində mövcud idi. Zaman keçdikcə Ümummilli lider Heydər Əliyev şəxsiyyəti daha möhtəşəm görünür, qədim tarix onun ümumbəşəri fəaliyyətini, dövlət ideallarını, azərbaycançılıq nəzəriyyəsini inadkar bir inamla təsbit edir.

Azərbaycan dövləti və dövlətçilik təfəkkürü ideyası olmadan azərbaycançılığın mövcudluğu mümkün deyil. X.Quliyeva Heydər Əliyevin problemə bu rakursdan yanaşdığını göstərir və yazır: “Heydər Əliyev müdrik siyasətçi və rasional keyfiyyətlərə malik ulu öndər kimi millətin və dövlətin mənafeyini bir məqsəddə – Azərbaycanı azərbaycançılıq ideyasında birləşdirərkən Azərbaycanın çoxmillətli geosiyasi məkan, çoxsaylı xalqların, etniklərin eyni vətəni olması mühüm amilini ciddi düşünmüş və uzun onilliklərin siyasi idarəçilik təcrübəsində sanaqlardan çıxarmış peşəkarlıq gücü ilə formalaşdırmış, sistemləşdirmişdir”.

Heydər Əliyev azərbaycançılıq məfkurəsinin nəzəri və praktiki əhəmiyyəti ondan ibarətdir ki, o, özündə mənlik şüuru və özünüdərk dialektikasını, milli şüur və tarixi dərkin vəhdətini, tarixi yaddaşı, vətən ideyası və vətənpərvərlik hissini əks etdirir. Azərbaycançılıq vətənimiz Azərbaycanı sevmək və onun uğrunda bütün siyasi və mənəvi ehtiyatları səfərbərliyə almaq deməkdir, yəni həqiqi bir vətənpərvərlikdir.

Azərbaycançılıq  ideologiyasını millət quruculuğu ilə vəhdətdə  reallaşdıran Heydər Əliyev hakimiyyətə gələn kimi bu prosesi yeni tarixi şəraitdə daha uğurla davam etdirdi:

a) milli mütəşəkkilliyi müstəqil dövlətçilik səviyyəsində təmin etdi;

b) dünya azərbaycanlılarının mədəni, ictimai-siyasi birliyinin gücləndirdi;

c) türk dünyasının etnik-mədəni birliyinin siyasi birlik səviyyəsinə yüksəltdi.

Bütün bunlar Azərbaycan xalqının dünya miqyasında mövqeyinin getdikcə daha da möhkəmləndiyini təsdiq edir və milli inkişaf üçün böyük perspektivlər qoyur.

Müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun formalaşmasında, vətəndaş cəmiyyətinin formalaşmasında, milli-mənəvi dəyərlərə qayıdışda və azərbaycançılıq ideologiyasının geniş miqyasda həyata keçirilməsində Heydər Əliyevin həyati vacib rolu olmuşdur.

Heydər Əliyev azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi:

1. Azərbaycan dilinə rəsmi dövlət statusu verdi;

2. Milli-mənəvi dəyərlərin qorunmasını və inkişafını təmin etdi;

3. Milli dəyərləri və azərbaycançılıq ideyalarını dünya azərbaycanlıları arasında yaymışdır;

4. Dünya azərbaycanlılarının qurultayları keçirildi;

5. Hər ilin son günü dünya azərbaycanlılarının həmrəylik günü elan edildi;

6. 1993-cü ildən azərbaycançılıq ideologiyasını dövlət səviyyəsində həyata keçirib;

7. Azərbaycançılıq ideologiyası Azərbaycan Respublikası Konstitusiyasının əsas prinsiplərinin məzmununda formalaşmışdır;

8. Azərbaycan milli dövlətinin azərbaycançılıq məfkurəsi üzərində qurulduğunu bəyan etdi.

XX əsrin sonlarında müstəqilliyini və dövlətçiliyini bərpa edən xalqımız azərbaycançılıq ideyasının formalaşmasında mühüm rol oynamışdır. Lakin müstəqilliyin ilk  illərində  azərbaycançılıq ideyasından uzaqlaşma baş vermişdir ki, bu da milli münasibətləri kəskinləşdirmiş və parçalanmaya səbəb olmuşdur. Azərbaycan xalqının qətiyyəti və Heydər Əliyevin siyasi iradəsi ilə azərbaycançılıq müstəqil dövlətin ali ideologiyasına çevrilmişdir. Dahi rəhbər azərbaycançılıq məfkurəsinin statusunu bütöv bir xalqın – bütün dünyada yaşayan azərbaycanlıların milli ideologiyası səviyyəsinə qaldırdı.

Heydər Əliyev diplomatiyası Azərbaycanın müstəqilliyinə və qorunmasına yönəlib. Ulu Öndər o dövrdə yaranan problemləri ən çətin anlarda belə diplomatik yollarla həll etməyə çalışırdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra Respublikanın dünya dövlətləri tərəfindən tanınması, onlarla siyasi, iqtisadi, mədəni əlaqələrin qurulması Ümummilli lider Heydər Əliyevin xarici  siyasətində mühüm yer tutmuşdur. Ulu Öndər son illərdə Azərbaycanın xarici siyasətində yer tutan uzaqlaşma xəttinin tamamilə milli maraqlara zidd olduğunu vurğuladı. O, özünütəcrid xəttinin nəticəsi kimi dünyanın Azərbaycanı tanımamasını, problemlərimizə laqeyidliyini, haqq səsimizi eşitməməsini göstərir və belə siyasəti “özümüzün özümüzə vurduğumuz zərbə” adlandırırdı. Dövlətin milli mənafelərini qorumaq, milli təhlükəsizliyini təmin etmək istiqamətində hərtərəfli addımların atılmasının vacibliyini vurğulayan Heydər Əliyev Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq müxtəlif dövlətlərin bütövlükdə Qafqaz və bilavasitə respublikamız üzərində qurulmuş iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq, özünəməxsus manevrlər və gedişlər etdi.

Xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, beynəlxalq təşkilatlara üzvlüyü, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi istiqamətində addımlar atıldı.

Ulu Öndər Heydər Əliyevin xarici siyasətində başlıca məqamlardan biri dövlətimizin yeni Neft strategiyasının işlənib hazırlanması ilə bağlı idi. 1994-cü il sentyabrın 20-də Heydər Əliyevin neft sahəsində mühüm bir addım atdı. “Əsrin Müqaviləsi” adlanan mühüm bir kontarkt bağlandı. Azərbaycan, ABŞ, Norveç, Səudiyyə Ərəbistan, Rusiya, Böyük Britaniya, Türkiyə, Yaponiya kimi dünyanın inkişaf etmiş ölkələrinin 13 şirkətinin bu müqaviləyə qoşulması, Qərb dövlətlərinin azərbaycana qarşı marağının yaranması, Heydər Əliyevin “Yeni neft diplomatiyasının” nəticəsi idi.

“Əsrin müqaviləsin” bağlanmasından 5 il sonra 1999-cü il aprelin 17-də Bakı–Supsa neft kəməri vasitəsi ilə Azərbaycan nefti ilk dəfə olaraq “Azərlight” markası ilə ixrac olunmağa başladı. Bakı-Novorisiysk və Bakı-Supsa marşurutları dünya bazarına daha çox neft ixrac edə bilmirdi. Azərbaycandan çıxan 50 milyon barrel neftin ixrac olunması üçün daha böyük neft kəməri lazım idi. Heydər Əliyev bu sahədə fəaliyyətə başladı. Ulu Öndər Azərbaycan neftinin dünya bazarına çıxarılmasının yeni marşurutunu müəyyən etdi. Neftimiz Bakı–Tiblisi–Ceyhan boru kəməri vasitəsi ilə dünya bazarına çıxarılacaqdır. Bunun ilk müqaviləsi də 1999-cu il noyabrın 18-də İstabulda keçirilən ATƏT-in zirvə toplantısının gedişində İstanbulun Çırağan sarayında xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cumhuriyyətinin əraziləri ilə Bakı-Tiblisi–Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair saziş imzalandı.

Yeni dünya nizamı şəraitində Azərbaycan Respublikasının xarici siyasəti həm milli maraqları təmin edir, həm də dünya siyasətinin bütün subyektlərinin bərabərhüquqlu iştirakını təmin edən fəaliyyət modelinə üstünlük verir. Azərbaycanın xarici siyasətində balanslaşdırma xətti tutulduğundan onun qlobal arenada geosiyasi çəkisi durmadan artır. Bu məqamları nəzərə alsaq, belə nəticəyə gələ bilərik ki, Azərbaycanın regional və qlobal siyasətinin uğurlu və məqsədyönlü olmasında Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət kursu həlledici rol oynamışdır.

Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunun layiqincə davam etdirən Prezident İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Azərbaycan Respublikası bugün regional iqtisadi, siyasi məsələlərdə əsas aktordur və regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz.

Həsən Qasımov,

Bakı Dövlət Universitetinin müəllimi

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir