“Neftçi” Azərbaycan Kubokunda yubiley qələbəsini qazanıb.
“Zirvə yolu”nun məlumatına görə, Bakı klubu yarımfinal mərhələsinin “Turan Tovuz”la cavab görüşündə turnirdəki ümumi qalibiyyət sayını 80-ə çatdırıb.
Kubok tarixində 31-ci mövsümünü keçirən “ağ-qaralar” 145-ci matçında buna nail olub. Komanda digər qarşılaşmaların 34-də rəqibi ilə bərabərə qalıb, 31 dəfə isə meydanı məğlub tərk edib.
Bundan başqa, “Neftçi”nin tarixi ərzində ölkə kubokunda nəzərdə tutulan 11 matçı oynanılmayıb. Bakılılar bunun 9-da texniki qələbəyə seviniblərsə, 2 dəfə texniki məğlubiyyət alıblar.
Texniki qələbələri nəzərə almasaq, “Neftçi” 145 kubok görüşündə ümumilikdə 253 qol vurub, özü isə 96 dəfə mərkəzə dəvət edilib.
Bundan başqa, paytaxt təmsilçisi Azərbaycan Kubokundakı 73-cü ev oyununda 47-ci qalibiyyətini əldə edib. Komanda indiyə qədər doğma meydançasında 13 dəfə məğlub olub, eyni sayda isə heç-heçə edib. “Neftçi” kubokda ilk ev məğlubiyyətini 1997/1998 mövsümündə “Kəpəz”dən alıb. Bu, komandanın öz meydanındakı 16-cı kubok görüşünə təsadüf edib.
“Neftçi”nin Azərbaycan Kubokunda iştirak etdiyi 10 final oyunu nominal meydan sahibi və ya qonaq qismində meydana çıxdığı üçün nəzərə alınmayıb.
Qeyd edək ki, “Turan Tovuz”a səfərdə 0:1 hesabı ilə məğlub olan “Neftçi” “Bakcell Arena”dakı cavab matçında 2:0 hesablı qələbə qazanaraq, finala adlayıb. Yarışın həlledici görüşü iyunun 3-də baş tutacaq. “Neftçi”nin finaldakı rəqibi bu gün keçiriləcək “Səbail” – “Qəbələ” qarşılaşmasının qalibi olacaq. Bu komandalar arasında Qəbələdəki ilk oyunda eyniadlı komanda 3:2 hesablı qələbə qazanıb.