“Elmi-tədqiqat üzrə fəaliyyətin birgə həyata keçirilməsinə dair əməkdaşlıq memorandumu” imzalanıb
STEAM İnnovasiya Mərkəzində “Elmi-tədqiqat üzrə fəaliyyətin birgə həyata keçirilməsinə dair əməkdaşlıq memorandumu”nun imzalanması mərasimi keçirilib.
“Zirvə yolu” xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, nazirliyə tabe institutların rəhbərləri, ali təhsil müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Emin Əmrullayev çıxış edərək bildirib ki, universitet və elmi tədqiqat institutları əlaqəli şəkildə fəaliyyət göstərmir.
O bildirib ki, vaxtı ilə bu təhsil müəssisələrinə tədqiqatlar üçün bəlli maliyyə ayrılırdı:
“İndi universitetin strukturu elmi tədqiqat aparmağa imkan vermir. Onlar daha çox tələbə cəlb etməyə istiqamətlənib. Həmçinin ali təhsil müəssisələrində tədqiqatların maliyyələşdirilməsi mexanizmi yoxdur. Elə bir kombinasiya yaratmalıyıq ki, universitetlərin tədqiqat institutları ilə birgə əməkdaşlığı ilə elmi tədqiqatlar yaradılsın. Bəzi təhsil müəssisələrini elmi tədqiqat institutlarına birləşdirməyi düzgün hesab etmirik. Bugünkü layihənin ilkin nəticəsini iyulun 7-də görəcəyik. Sentyabr ayından isə tədqiqat institutlarına maliyyə yönləndirəcəyik”.
BDU-nun rektoru Elçin Babayev isə qeyd edib ki, BDU tədqiqat institutu adı almaq üçün iddialıdır:
“Bunun üçün imkanlar və real nəticələr var. Hətta elmi tədqiqatlardan gəlir əldə etməyə başlayıb”.
AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevin sözlərinə görə, alimlərə elə vəsait ayırılmalıdır ki, onlar sadəcə elmi tədqiqatlar yönəlsinlər:
“Dünyanın nüfuzlu elmi jurnallarında məqalə çap etdirmək çox çətindir. Məsələn, bizim iki il əvvəl bir məqaləmiz var idi. Göndərdik ki, çap etsinlər. Bütün instansiyalardan keçsə də, sonda 1400 İsveçrə frankı pul istədilər. Biz də qaytardıq. Başqa yerdə dərc etdirdik”.
Çıxışlardan sonra memorandum imzalanıb.
Sənədi Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Fizika İnstitutunun baş direktoru Arif Həşimov, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru İradə Hüseynova, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov, Akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru Dilqəm Tağıyev, Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev imzalayıblar.