İngiltərə Premyer Liqasının 33-cü turunun yekun matçında “Tottenhem” evdə “Mançester Yunayted”lə bərabərə qalıb.
“Zirvə yolu” xəbər verir ki, Londonda baş tutan matçı Entoni Teylorun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Oyunda hesabı qonaqlar açıb. 7-ci dəqiqədə Ceydon Sanço Markus Reşfordun ötürməsini qola çevirə bilib. İlk yarının bitməsinə bir dəqiqə qalmış Reşford fərqi artırıb – 0:2.
Matçın ikinci hissəsində isə “qırmızı şeytanlar” üstünlüyü əldən veriblər. Belə ki, 56-cı dəqiqədə “mahmızlar”ın müdafiəçisi Pedro Porronu hesabı 1:2 edib. Matçın əsas vaxtının bitməsinə 10 dəqiqə qalmış Son Hın Min səyi nəticəsində “Tottenhem” məğlubiyyətindən qurtulub – 2:2.
Beləliklə, “Tottenhem”in 33 oyundan sonra aktivində 54 xal var, komanda 5-ci pillədə qərarlaşıb. Londonlular liqadakı son 5 matça yalnız birində qələbə qazana biliblər: 2 məğlubiyyət və 2 heç-heçə. “Mahmızlar”ın ən yaxın təqibçiləri “Aston Villa” (54) və “Liverpul”dur (53). Mersisaydlılar bir oyun az oynayıblar. “Mançester Yunayted” isə 31 oyundan sonra dördüncü pillədədir. 60 xalı olan “qırmızı şeytanlar”ı 3-cü pillədən 2, 5-ci pillədən isə 6 xal ayırır.
Hazırda Çempionlar Liqasında çıxış etmək imkanı verən ilk dördlüyün üçüncü və dördüncü pillələri uğrunda “Nyukasl” (62), “Mançester Yunayted” (60), “Tottenhem” (54), “Aston Villa” (54) və “Liverpul” (53) arasında mübarizə gedir.