“Vətəndaşlarımızın əyilməz iradəsi torpaqlarımızın azad olunacağı günü yaxınlaşdırır” — İlham Əliyev
“Ölkə.Az” xəbər verir ki, bu fikri Prezident İlham Əliyev oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında bildirib.
Şıxarx qəsəbəsində mindən çox ailənin məskunlaşdığını vurğulayan dövlət başçısı deyib:
“Aprel döyüşləri nəticəsində azad edilmiş torpaqlarda yeni qəsəbə salınıb – Cocuq Mərcanlı qəsəbəsi, hansı ki, bu gün Azərbaycan xalqının əyilməz ruhunun, iradəsinin təcəssümüdür. Uzun illər evlərlə təmin edilmiş soydaşlarımız, – onların bir çoxu Biləsuvarda salınmış köçkün şəhərciyində yaşayıb, – böyük həvəslə öz doğma torpaqlarına qayıdıblar. Bu gün orada həyat qaynayır, əkin-biçin prosesi gedir, abadlıq işləri aparılır, iş yerləri yaradılır”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
“Bizim ərazi bütövlüyümüz bütün dünya tərəfindən tanınır və biz ardıcıl olaraq bu istiqamətdə öz siyasətimizi aparırıq. Ərazi bütövlüyümüzlə bağlı heç bir kompromisdən söhbət gedə bilməz. Bu, danışıqlar mövzusu deyil və olmayacaq. Daha da güclü olmalıyıq və güclənirik. Həm iqtisadi gücümüz artır, eyni zamanda, vətəndaşlarımızın əyilməz iradəsi, öz yurdundan didərgin salınan soydaşlarımızın əzmi torpaqlarımızın azad olunacağı günü yaxınlaşdırır”, – deyə dövlət başçısı qeyd edib.