Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov dəfn edilib.
“Zirvə yolu” xəbər verir ki, mərhum İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.
13:07
Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilovla vida mərasimi başa çatıb.
“Zirvə yolu” xəbər verir ki, mərhumun cənazəsi dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılıb.
11:50
Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilovla vida mərasimi keçirilir.
“Zirvə yolu” xəbər verir ki, Heydər Məscidində keçirilən vida mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, xalq artistinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Xalq artisti Sadıq Zərbəliyev ustad sənətkarla bağlı xatirələrini bölüşüb: “Böyük bir itkimiz oldu, ikinci Aftandil olmayacaq. Bütün məclislərdə birlikdə olmuşuq. Zeynəb xanım (Zeynəb Xanlarova-red) özü gələ bilməsə də, başsağlığı verdi”.
Xalq artisti Ənvər Sadıqov sənətkarın hər zaman gənclərə dəstək olduğunu vurğulayıb: “Tez-tez birlikdə el şənliklərində olurduq, böyük ustad idi. Onun ifalarını dinləyən zaman xasiyyəti, necə insan olduğu hiss olunur”.
Mərhumun qızı media nümayəndələrinə atasının səhhətini əvvəldən axıra qədər diqqətdə saxladıqlarına görə təşəkkür edib: “Sənətkarlar evdən yox eldən gedir. Atam xəstəxanada olandan hər biriniz maraqlanırsınız”.
Qeyd edək ki, A.İsrafilov 1941-ci il yanvarın 24-də Bakı şəhərində anadan olub. İfaçılıq sahəsində öz dəsti-xətti olan sənətkar yaratdığı musiqi parçaları ilə milyonların qəlbini fəth edib.
O, 1961-ci ildə Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mülki tikinti fakültəsinə qəbul olub. Qarmona olan marağı onun təhsilini yarımçıq qoyaraq həyatını musiqiyə həsr etməsinə səbəb olub.
A.İsrafilov dinləyicilərin qəlbində silinməz izlər buraxmış ”Zemfira”, “Kəmalə”, “Nazilə”, “Aynurə”, “Jalə”, “Basqalı” kimi 100-ə qədər musiqi havasının müəllifidir.
O, Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2016-cı ildə “Şöhrət” ordeninə layiq görülüb. O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.