Cəmiyyət

Bağlı quru sərhədi və baha AZAL biletləri ilə nə etmək olar? – AKTUAL

2023-cü ilin yanvar-mart aylarında mehmanxana və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 13,4 faiz səviyyəsində olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 26,2 faiz artaraq 549,2 min olub.

Gecələmələrin ümumi sayının 55,3 faizi Bakıda, 9,6 faizi Qusarda, 5,0 faizi Qubada, 4,6 faizi Qəbələdə, 3,7 faizi Naftalanda, 3,4 faizi Naxçıvan Muxtar Respublikasında, 3,1 faizi Şabranda, 2,9 faizi Lənkəranda, 1,2 faizi Mingəçevirdə, 1,1 faizi İsmayıllıda, 1,1 faizi Gəncədə, 0,9 faizi Şuşada, 0,9 faizi Şamaxıda, 0,7 faizi Şəkidə, 0,6 faizi Qaxda və 5,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Ümumilikdə isə Azərbaycan hotellərindəki yerlərin 86,6 faizi boş qalıb. Bu rəqəmlər bir daha onu göstərir ki, turist sayının azlığı nəticəsində hazırda ölkədə fəaliyyət göstərən hotellərin təxminən 90 faizə yaxını boş qalıb.

Quru səhədləri bağlı olduğundan hazırda turistlər ölkəyə gəlmək üçün yalnız hava nəqliyyatından istifadə edə bilərlər. AZAL-ın və hotellərin baha qiymətləri isə boş qalan yerləri doldurmağa imkan vermir.

Xatırladaq ki, bu yaxınlarda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, 2026-cı ildə xarici turist sayını 4, yerli turist sayını isə 6 milyona çatdırmağı hədəfləyirik.

Qeyd edək ki, cari ilin ilk iki ayında Türkiyəyə gələn turist sayı 3,8 milyon nəfər təkil edib.

Maraqlıdır, bağlı quru sərhədləri və AZAL-ın baha qiymətləri ilə hələ 2026-cı ildə 4 milyon turistin gələcəyi ilə bağlı “hədəfə çatmaq” mümkün olacaqmı?

Xatırladaq ki, mövcud vəziyyətlə bağlı millət vəkili Vüqar Bayramov bildirib ki, quru sərhədlərinin açılması məsələsi hazırda ən çox müzakirə edilən məsələlərdəndir:

“Azərbaycanda quru sərhədlərin bağlanması birbaşa pandemiya ilə əlaqədar idi. Bununla belə, artıq karantin rejimi ilə bağlı əsas məhdudiyyətlər aradan qaldırılıb. Buna görə də, Operativ Qərargah tərəfindən, xüsusən qonşu ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq quru sərhədlərin mərhələli şəkildə açılması ilə bağlı qərar qəbul edilməsi məqsədəuyğun olardı. Əksər region ölkələrində, o cümlədən, qardaş Türkiyə və qonşu Gürcüstanda epidemioloji vəziyyət nəzarət ediləcək həddədir. Artıq Türkiyə ilə quru sərhədlər açılıb, amma yalnız Naxçıvanda qeydiyyatda olan vətəndaşlarımız gedə bilər. Bu baxımdan təklif edirik ki, Gürcüstan və Türkiyə ilə mərhələli şəkildə quru sərhədlərin tam açılması ilə bağlı qərar verilsin. Təbii ki, daha sonra digər qonşu ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq həmin ölkələrlə quru sərhədlərin açılması məsələsi müzakirə oluna bilər.

Lakin Türkiyə və Gürcüstanla Azərbaycanın strateji əməkdaşlığının olduğunu, yoluxma sayını nəzərə alsaq, hər iki ölkə ilə mərhələli şəkildə daha qısa zamanda quru sərhədlərin açılması məqsədəuyğun olardı. Təbii ki, quru sərhədlərin açıq olması iqtisadi baxımdan məqsədə uyğundur. Çünki bu, turizmə təsir göstərən əsas faktorlardan biridir. Xüsusən nəzərə alsaq ki, Azərbaycana gələn turistlərin təxminən 70 faizi Azərbaycanın quru sərhədi olan ölkələrdən gəlir. Bu eyni zamanda, Azərbaycan vətəndaşları üçün daha asan qonşu ölkələrə səfər imkanları baxımdan da vacibdir. Ona görə quru sərhədlərin açılması iqtisadi baxımından da əhəmiyyətlidir. 2023-cü ildə regionda və qlobal olaraq epidemioloji vəziyyətin yumşalması Azərbaycanda da quru sərhədlərin açılmasını daha da aktuallaşdırıb. Turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana və eləcə də regionlara daha çox turistin gəlməsinə imkan yarada bilər”.

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, quru sərhədlərini bağlı saxlayaraq turizmi inkişaf etdirmək fikrinin özü gülməlidir:

“Çünki belə bir şəraitdə turizmi inkişaf etdirmək mümkün deyil. Əgər ölkəyə 4 milyon xarici turistin gəlməsi hədəfi qoyulubsa, ancaq hava yolu ilə gəlməsi texniki olaraq mümkün deyil. Yəni, gərək gündə yüzlərlə reys olsun və hər biri dolu gedib-gəlsin ki, o hədəfə çatmaq mümkün olsun. Ona görə də quru sərhədləri bağlı saxlayaraq turizmdə hansısa inkişaf nail olmaq məntiqsiz yanaşmadır. Hökumət quru sərhədləri bağlı saxlayaraq turizmi inkişaf etdirmək istəyir, absurd səslənsə də, görünən mənzərə budur. Quru sərhədlərin bağlı qalmasını bəziləri belə izah edirlər ki, güya, hökumət daxili turizmi təşviq edir, istəmir ki, insanlar xaricə gedib pul xərcləsinlər.

Amma bu da rəqəmlərlə təsdiq olunmur. 2023-cü ilin yanvar-mart aylarında mehmanxana və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 13,4 faiz səviyyəsində olub. Yəni, ilin ilk 3 ayında ölkədəki hotellərdə yerlərin 86,6%-i boş qalıb. 2022-ci ilin yanvar-mart aylarında hotel nömrələrinin 89,1%-i dolmayıb. Deməli hökumətin, “quru sərhədləri bağlı saxlayaq, daxili turizm inkişaf etsin” tezisi suya düşüb”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir