Ərdoğan: “Bir vaxtlar terrorçuların gəzdiyi dağlardan artıq ürəyimizi ağrıdan xəbərlər yox, müjdələr gəlir”
“Bir vaxtlar terrorçuların gəzdiyi dağlardan artıq ürəyimizi ağrıdan xəbərlər yox, müjdəli xəbərlər gəlir”.
“Zirvə yolu” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.
O xatırladıb ki, mayın 2-də Cüdi Qabarda Türkiyə tarixinin ən böyük neft yatağı kəşf olunub: “Türkiyə dünyanın ən böyük neft yataqlarına sahib coğrafi ərazidə yerləşir. Hər tərəfimizdə neft və qaz olmasına baxmayaraq, biz uzun müddət bu imkanlardan istifadə edə bilməmişik. İllər əvvəl mərhum Raif Karadağ “Neft fırtınası” əsərində ölkəmizin bu mənbələrdən niyə istifadə edə bilmədiyini cəsarətlə izah edib.
Torpaqlarımızdan neft çıxmaması üçün terror təşkilatları ilə, siyasi qeyri-sabitliklə, qlobal şirkətlərlə əlimizi-ayağımızı bağlamışdılar. İmperialist güclərin terror təşkilatlarına o qədər silahı niyə verdiyini, ölkəmizdə terror dəhlizini niyə yaratmaq istədiklərini indi daha yaxşı başa düşürük. Heç bir səbəb olmadan bəzilərinin terrorla mübarizədə ən güclü silahımız olan PUA-ları və onları istehsal edən firmaları niyə hədəf aldıqlarını indi daha yaxşı başa düşürük”.
R.T.Ərdoğan bildirib ki, bu addımların hər biri Türkiyəni enerji yarışından kənarda saxlamaq üçündür: “Biz öz həmlələrimizlə bu oyunu pozuruq. Terror təşkilatlarının başını həm sərhədlərimiz daxilində, həm də xaricdə əzirik. Millətimizin ayağına vurulan zəncirləri qırırıq. Yeraltı və yerüstü sərvətlərimizin istismarının qarşısını alacaq, bütün əngəlləri aşacağıq. Bunu da, inşallah siz gənclərlə birlikdə edəcəyik”.