Avropa ölkələrinin liderləri Ukraynaya 4,4 milyard avroluq hərbi yardım etdiklərini açıqlayıblar
2022-ci ilin fevral ayından etibarən Şimali Avropa ölkələrindən Ukraynaya verilən hərbi yardımın həcmi təxminən 4,4 milyard avro təşkil edir.
“Zirvə yolu” TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya və Ukrayna prezidentlərinin, həmçinin Danimarka, İslandiya, Norveç və İsveç baş nazirlərinin görüşündən sonra yayılmış birgə bəyanatda deyilir.
“Şimali Avropa ölkələri müxtəlif silah sistemləri, o cümlədən bahalı hava hücumundan müdafiə sistemləri, “Leopard” döyüş tankları, zirehli döyüş maşınları, artilleriya sistemləri və sursatlar ianə etməklə Ukraynaya ciddi hərbi yardım ediblər. 2022-ci ilin fevral ayından Ukraynaya təqdim edilən milli hərbi yardım paketlərinin ümumi dəyəri təxminən 4,4 milyard avro təşkil edir”, – bəyanatda vurğulanır.
Hərbi yardımdan əlavə, bütün Şimali Avropa ölkələri Ukraynaya maliyyə, humanitar və təcili yardım göndəriblər ki, bu da artıq 1,5 milyard avronu keçib və artmaqda davam edəcək.