Manşet Siyasət

ABŞ-da Heydər Əliyevin büstü açılıb

ABŞ-ın Nyu-York şəhərində Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəliyində Ümummilli Lider Heydər Əliyevin büstü açılıb.

“Zirvə yolu” xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar hazırlanan təntənəli mərasimdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev, Baş Assambleyanın sədri Şaba Körösi, BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Angel Moratinos, Nyu-York şəhərinin beynəlxalq əlaqələr üzrə komissarı Edvard Mermelşteyn, Nyu-Yorkdakı diaspor təşkilatlarımızın rəhbərləri, ölkəmizin BMT-dəki və Vaşinqtondakı diplomatları iştirak ediblər.

Yaşar Əliyev çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev nadir tarixi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusudur. Tarixin ən mürəkkəb anlarında onun apardığı uzaqgörən və müdrik siyasət bu gün Azərbaycanın müstəqil və güclü olmasına zəmin yaradıb.

Əsərin müəllifi, dünyaca məşhur heykəltəraş Sergey Eylanbekov çıxışında Heydər Əliyevə böyük heyranlığından bəhs edib. O, bildirib ki, büstü hazırladığı üç ay ərzində Heydər Əliyevə məxsus olan iradəni, mülayimliyi və onun böyük şəxsiyyət kimi tarixi baxımdan mövcudluğunu hiss edib. Heykəltəraş əlavə edib ki, bu, onun Ulu Öndərə nəfəs verdiyi yeganə əsər deyil. Sənətkarın ərsəyə gətirdiyi Heydər Əliyevin ilhamlandırıcı heykəli ADA Universitetinin şəhərciyində də ucaldılıb.

Mərasimdə çıxış edən Amerika Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Tomris Azəri Ulu Öndərin 1994-cü ildə Nyu-Yorka ilk tarixi səfəri ilə bağlı xatirələrini bölüşüb və Heydər Əliyevin Azərbaycanın müstəqilliyi naminə göstərdiyi xidmətlərin əvəzsiz olduğunu vurğulayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir