Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər zirvəsi”nə yürüş edib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yürüş iştirakçıları Xınalıq kəndindən hərəkətə başlayaraq, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən sərt və mürəkkəb relyefə malik “Heydər zirvəsi”nə qalxaraq, Ulu Öndərin unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.
Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümünü əks etdirən xatirə lövhəsi zirvəyə yerləşdirilib və Azərbaycanın Dövlət Bayrağı ilə bərabər FHN-in rəmzi olan bayraq zirvədə dalğalandırılıb.