TÜRKPA-nın Baş katibi: “Heydər Əliyevin xidmətləri Türk dünyasının güclənməsinə dərin töhfə verib”
“Ulu Öndər Heydər Əliyev nəinki Azərbaycan dövləti, xalqı üçün misilsiz xidmətləri, eləcə də bütün Türk dünyasının birliyi, həmrəyliyi naminə gördüyü işlər, irəli sürdüyü təşəbbüslər türk dünyasının beynəlxalq nüfuzunun güclənməsinə dərin töhfə verib”.
“Zirvə yolu” xəbər verir ki, bunu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda deyib.
Onun sözlərinə görə, Heydər Əliyev tarixin müxtəlif dövrlərində bir-birindən ayrı düşmüş türk dünyasının birləşdirilməsi naminə yorulmaz səylər göstərib: “Onun məqsədyönlü fəaliyyətinin uğurlu nəticələri bu istiqamətdə davamlı addımların atılmasına təkan verib. Heydər Əliyev türk dünyasının birliyini sadəcə etnik köklərin eyniliyinə əsaslanan mədəni etnoqrafik birlik kimi yanaşmırdı, bu birliyin gələcəyini xüsusi diqqət mərkəzində saxlayırdı və daim türk xalqlarının yaxınlığının vacib olduğunu vurğulayırdı”.
“Heydər Əliyev siyasi kursunun mühüm istiqamətlərindən biri olan Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığın inkişafı Azərbaycan xarici siyasətində müstəsna yer tutmaqdadır. Bu gün instisional çərçivədə hərtərəfli inkişaf edən türk əməkdaşlığının hazırkı səviyyəsinin kökündə türk birliyi ideyasının müəlliflərindən olan Heydər Əliyev kimi dahi şəxsiyyətlərin yorulmaz fəaliyyəti və zəhməti dayanır. Onun uğurlu siyasəti və diplomatiyası sayəsində Azərbaycanın qardaş dövlətlərlə dərinləşən və genişlənən əlaqələri hazırkı ölkə rəhbərliklərinin iradəsi və əzmi ilə yeni mərhələyə qədəm qoyaraq həm ikitərəfli, həm çoxtərəfli müstəvilərdə daha da inkişaf etməkdədir”, – deyə TÜRKPA-nın Baş katibi əlavə edib.
Mehmet Süreyya Er bildirib ki, bu əlaqələrin inkişafında parlamentlər səviyyəsində aparılan dialoq da əhəmiyyət daşıyır: “Bu gün əminliklə deyə bilərik ki, türk dövlətləri arasında əlaqələrin inkişafının daha da dərinləşməsində parlament diplomatiyası öz sözünü deyir. Heydər Əliyevin Türk dünyasının birliyində rolu və misilsiz xidmətləri bir çıxışa sığmayacaq qədər böyükdür. Türk dünyasının dahi oğlu Heydər Əliyevə sevgi və rəğbət, onun xatirəsinin böyük ehtiramla anılmasında özünün aydın ifadəsini tapır”.