Milli Məclisdə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclas keçirilib – YENİLƏNİB
“Ümummilli Heydər Əliyev bütün xalqlara və dövlətlərlə ehtiramla yanaşırdı. O, hər zaman Azərbaycanın dostlarının sayının çox olmasına çalışırdı. Çünki bilirdi ki, hər bir dövlət tərəfdaşları və dostları ilə güclüdür”.
“Zirvə yolu” xəbər verir ki, bu fikirləri spiker Sahibə Qafarova mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən xüsusi iclasda deyib.
O bildirib ki, Heydər Əliyev Azərbaycan naminə yorulmaz fəaliyyəti ilə hələ sağlığında xalqımızın dərin hörməti və məhəbbətini qazanaraq xalqın qəlbində özünə möhtəşəm abidə ucaltmışdı:
“Onun ideyaları bugünkü və gələcək nəsillərin əməllərində yaşayır və daim yaşayacaq. Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də var olacaq”.
Sədrin çıxışı qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
Bununla da Azərbaycan Milli Məclisində Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan xüsusi iclas başa çatıb.
Qeyd edək ki, xüsusi iclasda müxtəlif ölkələrin parlament sədrləri, sədr müavinləri, habelə beynəlxalq təşkilatların təmsilçiləri çıxış edib.
Milli Məclisin xüsusi iclası başlayıb.
“Zirvə yolu” xəbər verir ki, Sahibə Qafarovanın sədrlik etdiyi iclas Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.
Toplantıda Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebali və digər ölkələrin parlament sədri, ümumilikdə 10 ölkənin parlament sədrinin müavini, 6 ölkənin parlament üzvləri, beynəlxalq parlament təşkilatlarından isə 4 nümayəndə iştirak edir.
Tədbirdə iştirak edən xarici nümayəndələrin sayı 228 nəfərdir.
Tədbir iştirakçıları ilk olaraq parlamentin foyesində Heydər Əliyevin həyat və yaradıcılığını özündə əks etdirən sərgiyə baxış keçiriblər.