Cəmiyyət

Təhsil İdarəsi ideya oğurluğu ilə büdcəni talan edir: – Olimpiada fikri kimə məxsusdur?

“Bakı Şəhər Təhsil İdarəsinin elan etdiyi “Ortaq Türk Dünyası Məktəbliləri arası Tarix Olimpiadası” təpədən dırnağa qədər ideya, fikir, məzmun oğurluğudur”.

Zirveyolu.info yenicag.az-a istinadla xəbər verir ki, bu barədə filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq sosial hesabında paylaşım edərək məlumat verib.

O, bildirib ki, Təhsil İdarəsinin elan etdiyi olimpiya Tür İnteqrasiya Olimpiadasının eynisidir:

“BŞTİ-dən geri dönüş olmazsa, daha dərin mətləbləri izah edərək, Elm və Təhsil Nazirinə açıq məktub yazacağam və mübarizəmi hüquqi yollarla davam edəcəyəm. Amma ümid edirəm ki, hələlik bu işdə qabağa verilən Bakı Şəhər Təhsil İdarəsi yanlışını başa düşəcək və geri dönüş edəcək.

Mənim layihəmin adı TİO adlanır, Tür İnteqrasiya Olimpiadası.

Məzmundan Nazirə yazdığım məktubdan bir iki cümləni əlavə edirəm: “Türk xalqlarının ortaq dil, əlifba və dərsliklərinin hazırlanıb istifadə edilməsinə dəstək, türk dünyası məktəblilərinin ortaq bilgisinin formalaşması və qiymətləndirilməsinə, inteqrasiyasına xidmət etmək, gənclərin məktəb yaşlarından qardaş xalqların nümayəndələri ilə təhsil vasitəsi ilə tanış olması, inteqrativ tapşırıqlar vasitəsi ilə intellektlərini yarışdıraraq türk xalqlarının “İşdə, Dildə, Əməldə” birliyinin fərqində olmasını, ortaq mədəniyyətə sahib olduqlarını əyani şəkildə təqdim etməyi qarşısına məqsəd qoymuşdur. Digər tərəfdən də Azərbaycan türk dövlətlərini birləşdirən mədəniyyətə, coğrafiyaya və baxışa sahib bir ölkədir. İstər Orta Asiya, istərsə də Anadoluda yaşayan türklərin Azərbaycanda birləşərək, ortaqlaşaraq inkişaf etməsi tarixi baxımdan da öz təsdiqini tapır.

Cənab Nazir, bu mövzuda Sizə ikinci müraciətimdir. Birinci məktubumuza ARTİ tərəfindən verilən tövsiyələri nəzərə alaraq layihəni yenidən işləyib sizə təqdim edirəm.

Şəxsən mən və Hədəf komandası özümüzü buna hazır hiss edir, bu istiqamətdə müəyyən cəhdlər edirik. Çıxışlarınızın birində dediyiniz kimi, siz təkcə dövlət məktəblərinin yox, həmçinin özəl məktəblərin də nazirisiniz. Məhz bundan ruhlanaraq ümid edirəm ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi olaraq TİO-nun keçirilməsi üçün bizə lazımi dəstəyi verəcəksiniz. Bu arzumuzda, əsasən, layihənin məzmunu, təşkili ilə bağlı dəstək gözləntisi var. Beynəlxalq təhsil təcrübəsinə sahib olan biri kimi Siz də etiraf edərsiniz ki, beynəlxalq arenaya çıxmaq və müraciətlər etmək üçün “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən dəstəklənir” ifadəsi layihənin etibarlılığını və sanbalını ən yüksək səviyyədə təqdim edir ki, bu da bizə həm beynəlxalq tərəfdaşların, həm də sponsorların layihəyə cəlb edilməsində ciddi şəkildə motivasiya verəcək.”

(İkinci məktubun tarixi 22.12.22-dir. Birinci məktubun tarixini açıqlamıram, çünki deyəcəklər sizdən öncə fikirləşmişdik.)

Və layihəni məhz Ümummili Liderin 100 illik Yubileyinə həsr etmişik. Məhz Şuşada keçirməyi planlaşıdırırdıq.

Azərbaycandan və türk Dünyasından 19 nəfərlə danışıb, məktublaşıb, Fəxri Məsləhət Şurasını da müəyyənləşdirmişdik. Onun da şəklini yerləşdirirəm.

Və təəssüflə qeyd edim ki, Bakı Şəhər Təhsil İdarəsi boyundan hündürə tullanaraq Beynəlxalq Olimpiada keçirir. Sizcə də çox gülməli deyil? Adından da göründüyü kimi işi, vəzifə səlahiyyətləri Bakı Şəhərinin təhsili ilə məşğul olmaqdır. Görünən odur ki, Bakı şəhər Təhsilinin problemləri bitib, keçib nazirliyin əvəzindən beynəlxalq olimpiadalar keçirməyə.

Dərin düşünəndə fikirləşirsən ki, məndən başqa kiminsə də ağlına gələ bilərdi. Amerika kəşf etməmişik. Amma məhz bu layihə o adamın ağlına gələ bilərdi ki, Murad Adcı demiş, Yövşan ətrindən məst olasan, Qara atın belində şahə qalxmağı bacara və məst ola biləsən. Əminəm ki, yüz faiz əminəm ki, bircə dəfə yövşan ətrini içinə çəkməyən insanlar bunu oğurlayıb.

Həm də ona görə narahatam ki, əllərinə-üzlərinə bulaşdıracaqlar. Necə ki, 2015-ci ildən keçirdiyim “Oxu günü” layihəsi Təhsil Nazirliyi tərəfindən rəsmiləşdirildi, dövlət tədbirləri içinə salındı və son iki ildə heç bir iş də görülmür. Bizim də qol-qanadımızı sındırdılar, əlimizi üzdük.

Layihənin oğurlanması ideyasını verənlər, oğurlayanlar, mənimsəyənlər, diqqətli olun, etirafınızı edin. Bilirəm üzbəüz gələndə, ya üstünüz vəzifədən gedəndə, ya da özünüz kreslodan salınanda üzr istəyib kiminsə boynuna atacaqsınız, biz kimik ki, belə dedilər, etdik, deyəcəksiniz. Amma hələ ki, gec deyil.

Layihəni ilk dəfə elə Əkbər Qoşalı ilə danışıb, türk Akademiyasına təqdim etmişik, Türk Akademiyasında çalışan Füzuli müəllimlə dəfələrlə danışmışıq, amma nazirlikdən məktuba cavab gözləyə-gözləyə bu günə gəlib çıxmışıq. Axı mən bunu sponsorların və öz gücümüzlə etmək istəyirdim, indi siz dövlət büdcəsindən milyonlar siləcəksiniz, heyif deyil, büdcəmizə?!

Bu layihədən Nazirliyin bu sahədə çalışan və şəxsi münasibətim olan çox adamı bilir və hamısına da göndərmişəm. Ən son deyilən o olub ki, nazir bəyənib və sizinlə görüşəcək. Bu fevral ayında olmalı idi. Ümid edirəm ki, həmin şəxslər, Emin müəllimə hadisəni bir də xatırladar.

Hələ də geri dönüş gözləyirəm, ümid edirəm ki, gec deyil!” – deyə Ş. Sadiq paylaşımında qeyd edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir