Sudanın xüsusi təyinatlı qüvvələrinin rəhbəri ordu komandanı ilə görüşə hazır olduğunu açıqlayıb
Sudanın çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlıların) rəhbəri Məhəmməd Həmdan Daqalo (Hamidti) ölkənin silahlı qüvvələrinin komandanı Əbdülfəttah əl-Burhan ilə istənilən vaxt və istənilən yerdə şəxsi görüş keçirməyə hazırdır.
“Zirvə yolu” TASS-a istinadən xəbər verir ki, bunu bir neçə saat əvvəl Cənubi Sudanın paytaxtı Cubaya gələn Sudan xüsusi təyinatlıları rəhbərinin siyasi müşaviri Yusif Əzzat bildirib.
“Xüsusi qüvvələrin rəhbəri Sudanda atəşkəs şərti ilə istənilən yerdə və istənilən vaxt əl-Burhanla görüşməyə hazırdır”, – siyasi məsləhətçi deyib.
Sudan ordusu indiyədək xüsusi təyinatlıların nümayəndələrini üsyançı hesab edərək, dünya ictimaiyyətini çevik reaksiya qüvvələrini terror təşkilatı kimi tanımağa çağıraraq onlarla birbaşa danışıqlar və ya görüşlər aparmaqdan imtina edib.