Fransanın paytaxtı Paris şəhərində azərbaycanlı tələbələrlə görüş keçirilib.
“Zirvə yolu” xəbər verir ki, “Alim” Elmi Assosiasiyasının təşkilatçılğı ilə keçirilən görüş çərçivəsində tələbələr Azərbaycan Cümhuriyyətinin yaradıcılarından olan Əlimərdan Bəy Topçubaşovun Sen-Klu məzarlığında yerləşən qəbrini ziyarət ediblər.
Görüşdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycan Respublikası Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsil şöbəsinin elm sektorunun müdiri Turxan Süleyman, Azərbaycan Respublikasının Fransadakı konsulu Xatirə Müseyibova, “Alim” Elmi Assosiasiyasının prezidenti Günel Səfərova, Fransanın müxtəlif universitetlərində magistr və doktorantura üzrə təhsil alan tələbələr və digər şəxslər iştirak ediblər.
Tədbirdə “Alim” Elmi Assosiasiyasının fəaliyyətinə toxunulub, layihələrinin təqdimatı olunub. Tələbələr bir sıra təkliflərlə çıxış ediblər. Görüş zamanı iştirakçıları narahat edən mövzulara da toxunulub.
Görüşün bədii hissəsində Azərbaycan musiqilərini pianoda Eldəniz Ələkbərzadə və fleytada Ağarəhim Quliyev ifa ediblər.