2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 58 464,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5%, neft-qaz sektorunda isə 1,1% artıb.
Belə ki, tikinti sektoru istisna olmaq şərtilə, iqtisadiyyatın bütün sahələrində istehsalda artım müşahidə olunub.
Nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,3%, sənayedə 2,5%, nəqliyyat vasitələrinin təmiri sahələrində 3%, turistlərin yerləşdirilməsi və ictimai-iaşə sahələrində 4,9%, ticarət, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,1%, informasiya və rabitə sahələrində əlavə dəyər 16,4%, digər xidmət sahələrində 2,2% artıb. Tikinti sektorunda isə istehsal 5,6% azalıb.
Əhalinin hər nəfərinə düşən ÜDM 5 910,1 manata bərabər olub.