Kriminal

Bakıda avtobus dayanacağında 2 nəfəri öldürmək istədilər – ŞOK CİNAYƏT

Bakıda 2 nəfəri öldürməyə cəhd göstərmiş şəxs Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci, yəni, xuliqanlıq niyyətilə 2 və ya daha artıq şəxsi öldürməyə cəhd maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə məhkum edilən 22 yaşlı Cəfərov Orxan Sayəddin oğlu Ali Məhkəməyə müraciət edib. O, Ali Məhkəmədən işə yenidən baxılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib.

İşə hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiya tərəfindən baxılacaq.

Qeyd edək ki, məhkum edilmiş şəxs tanışları İskəndərov Rəvan Mübariz oğlu ilə Əhmədov Emil Elşən oğlunu gecə saatlarında öldürməyə cəhd edib. Belə ki, Orxan Cəfərov qardaşı Vüsal Cəfərovun övladının məktəbə getməsi ilə bağlı keçirilən məclisdə iştirak edib. Məclisdə spirtli içki də qəbul edən Orxan Cəfərov evə qayıdarkən Qaraçuxur qəsəbəsində avtobus dayanacağından evə gedərkən yolda Rəvan İsgəndərov və Emil Əhmədovla qarşılaşıb.

Onlar əvvəldən bir-birlərini tanımayıblar. Səki ilə hərəkət edərkən onlar Orxan Cəfərovun çiyninə toxunublar. Gənclərin mübahisəsi də bununla başlayıb. Bir neçə dəqiqə sonra isə onlar əlbəyaxa olublar.

Orxan Cəfərov cibində olan bıçağı çıxararaq Rəvan İsgəndərova iki, Emil Əhmədova isə bir bıçaq zərbəsi vurub. Daha sonra isə hadisə yerindən qaçıb.

Orxan Cəfərov ittihamla özünü qismən təqsirli bilib. Zərərçəkmişləri öldürmək niyətinin olmadığını deyib.

Məhkəmədə zərərçəkmiş şəxslər ifadə verib. Onların birinin 23, digərinin isə 24 yaşı var.

Zərərçəkmişlər məhkəmədə eyni məzmunlu ifadə verərək bildiriblər ki, Orxan Cəfərovu heç vaxt tanımayıblar və hadisə yolda bir-birlərinə çiyinlə toxunduqlarına görə baş verib.

Rəvan İsgəndərov söyləyib ki, hadisə bir anda baş verib: “Əlbəyaxa olduq. Biz ikimiz də yerə yıxıldıq. Orxanın cibində bıçaq olduğunu bilmirdik. Bir anda bıçaq dəydi mənə. Sonra da Emilə”.

Hər iki zərərçəkmiş məhkəmədə bildiriblər ki, təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur və aralarında barışıq imzalanıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir