ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ), həmçinin, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik işğal altındakı Dağlıq Qarabağ torplaqlarına səfər ediblər. Həmsədrlər bu dəfə də ənənələrinə sadiq qalaraq, Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb, danışıqlar aparıblar.
ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ səfərinə Xarici İşlər Nazirliyi münasibət bildirib.
Nazirliyin mətbuat katibi Leyla Abdullayeva Modern.az-a açıqlamasında bu səfərə Azərbaycan tərəfinin razılıq verdiyini bildirib:
“ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik fəaliyyətlərini mövcud mandat əsasında həyata keçirirlər və həmin mandata dair Azərbaycan tərəfinin də razılığı vardır. ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırkı səfəri bu mandatın icrası çərçivəsində onların regionumuza növbəti gəlişidir.
Qeyd etmək istərdik ki, həmsədrlər səfərlərini həyata keçirərkən, ənənəvi olaraq Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin həm erməni, həm də azərbaycanlı icmaları ilə əlaqə saxlayır. Bu cür səfərlər bundan əvvəl də dəfələrlə həyata keçirilmiş və tərəfimizdən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyünə riayət edilməsi çərçivəsində həll edilməsi istiqamətində görülən işlər kimi qiymətləndirilir”.