Cəmiyyət

Əbülfət Nuriyev Masazırda yeni bələdiyyə sədrinə nə dərsi keçir, hansı yolları öyrədir?

Abdin Fərzəliyev Abşeron rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra da dövlət əmlakını asanlıqla alqı-satqı predmetinə çevirməkdən çəkinmir. Onun Nərimanov rayonuna başçılıq etdiyi 17 il ərzində törətdiyi bir çox özbaşınalıqlar barədə elektron mediada və sosial şəbəkələrdə yazılanları qoyaq bir yana. Amma son bir il ərzində, yəni Abşeron rayonuna başçı təyin olunduqdan sonra onsuz da boş torpaq sahəsi qalmayan, əvvəlki icra başçısı İradə Gülməmmədovanın rayon ərazisində satdığı sot-sot torpaqlarda, Abdin Fərzəliyev metr-metr qanunsuz fərdi yaşayış evlərinin və iaşə obyektlərinin tikintisinin aparılmasına verdiyi icazələrin artmasını heç bir yana qoymaq olmur.

İstər Xırdalan şəhərində, istərsə də rayonun Ceyranbatan, Masazır, Mehdiabad, Novxanı, Saray, Güzdək, Hökməli, Qobustan, Fatmayı, Görədil, Aşağı Güzdək, Qobu kimi qəsəbə və kəndlərində vaxtı ilə hasarlanmış hektarlarla ərazilərdə indi fərdi yaşayış evlərinin, obyektlərin tikintisi işləri aparılır. Bütün bunların hamısı isə Abdin Fərzəliyevin Abşeron rayonuna İcra başçısı təyin edilməsindən sonrakı dövrdə baş verməsi özlüyündə çox şeylər ifadə edir. Yəni Abdin Fərzəliyev həmişə olduğu kimi, yenə də iş başındadı.

Bunlardan başqa Abdin Fərzəliyevin Abşeronda yeritdiyi kadr siyasəti də nə media tərəfindən, nə də yerli sakinlər tərəfindən birmənalı qarşılanmayıb. Abşeronda işə başlar, başlamaz Abdin Fərzəliyev Nərimanov rayon icra hakimiyyətində şöbə müdiri olmuş İlkin Əsədovu Abşeronda sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edib. Rayonun memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsini icra edən Şahin Bayramov işdən çıxarılıb, əvəzinə yaxın adamı hesab edilən Elvin Quliyevi təyin edib. Abşeron RİH-nin başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə gətirilmiş Gülnar Rəhimova da başçının yaxın adamlarından hesab olunur. Bunlarla bərabər Abdin Fərzəliyevin rayonda məktəb direktorlarının vəzifələrindən heç bir səbəb olmadan çıxarılması və yeniləri ilə əvəzlənməsinə də ciddi nəzarət etdiyi söylənilir. Yəni məktəb direktoru vəzifəsinə də tanışlarını yerləşdirir.

Son günlər Abdin Fərzəliyev bir kadr dəyişikliyi də rayonun Masazır qəsəbə bələdiyyəsində aparıb. Məlumata görə, Masazır bələdiyyəsinin üzvlərinin keçirdiyi “yığıncaqda” sədr Rüfət Fətullayev vəzifəsindən kənarlaşdırılıb. Yeni sədr isə 1991-ci il təvəllüdlü Azər Quliyev “seçilib”. Dövrü mətbuat yeni sədrin İcra başçısı Abdin Fərzəliyevin həmyerlisi olduğunu yazır.

Qeyd edək ki, Abşeron rayon Masazır bələdiyyəsi respublikada ən böyük bələdiyyələrdən biridir. Əvvəlki bələdiyyə sədri bir müddət əvvəl qəsəbədə zibillərin vaxtında yığılmaması ucbatından yaranmış xoşagəlməz mənzərə ilə mətbuatın gündəminə gəlmişdi. Bəs yeni sədr qəsəbə sakinlərinin qarşılaşdığı problemlərin həlli istiqamətində iş görə biləcəkmi?

Aktualinfo.org-un əldə etdiyi məlumata görə yaşı 30-u keçməsinə baxmayaraq gənc kadr kimi təqdim olunan yeni sədr Azər Quliyev qeyri-rəsmi olaraq 104 min nəfər yaşadığ Masazır bələdiyyəsinə rəhbərlik etmək iqtidarında deyil. Amma Abdin Fərzəliyev bələdiyyə sədrinə qeyri-rəsmi olaraq bir köməkçi də təyin edib. Bu Əbülfət Nuriyevdir. Bu o Əbülfət Nuriyevdir ki, vaxtı ilə Abşeron rayonu Mehdiabad bələdiyyəsinin sədri olmuşdu və keçmiş MTN-in sabiq idarə rəisinə hektarlarla torpq sahəsi bağışlamağı ilə yadda qalmışdı.

Qeyd edək ki, Əbülfət Nuriyev bələdiyyələr içərisində həddindən artıq özbaşınalıqlara imza atmış şəxslərdən sayılır. Ötən ilin iyul ayında Əbülfət Nuriyev 2010- 2020-ci illərdə Abşeron rayonu Mehdiabad qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddət ərzində yol verdiyi qanunsuzluqlara görə Cinayət Məcəlləsinin (CM) 309.1-ci (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsindən həmin Məcəllənin 322.1-ci (Özbaşınalıq) maddələri ilə təqsirləndirilib. Daha sonra məhkəmənin hökmü ilə Əbülfət Nuriyev CM-nin 322.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad olunub və barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Hazırda Əbülfət Nuriyev vaxtı ilə Mehdiabadda olduğu kimi, indi də Masazırda özbaşınalıqlara rəhbərlik edir. Əsas vəzifəsi isə, yuxarıda qeyd etdiyimiz kimi Abdin Fərzəliyevin işlərini görməkdir. Yəni, qanunsuz tikililərə sənədlər hazırlayır. Yeni bələdiyyə sədri Azər Quliyevə pul çıxartmağın yollarını öyrədir. Kvadratmetrindən asılı olaraq burada yeni tikinti işlərinə göz yummağın qiyməti başqa, Reyestr Xidmətindən çıxarış almağa kömək etməyin qiyməti bir başqadır. Əbülfət Nuriyev həmçinin yeni sədrə bələdiyyə büdcəsinə toplanan vəsaitlərin müxtəlif yollarla, üsullarla kənarlaşdırılmasının incəliklərini öyrədir. Axı o bunları çox gözəl bilir. Barəsində cinayət işi açılsa da belə, ustalıqla yaxasını qurtara bildidi. İndi də Abdin Fərzəliyevin Masazırdakı kadrına bələdiyyə dərsi keçir, yollar öyrədir.

Aktualinfo.org

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir