ABŞ Prezidenti Cozef Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla söhbətində etiraf edib ki, ABŞ Konqresi Ankaraya “F-16” qırıcılarının satışı üçün İsveçin NATO-ya daxil olmasını şərt kimi qoyub.
Bu barədə “Zirvə yolu” “Hürriyet” qəzetinə istinadən xəbər verir.
Belə ki, qəzetin Ankara bürosunun jurnalisti Hande Fırat prezidentlər arasında son telefon danışığının müvafiq təfərrüatlarını təqdim edib.
Tərəflər arasında telefon danışığı mayın 29-da Türkiyədə keçirilən və Ərdoğanın qalib gəldiyi prezident seçkilərinin ikinci turundan sonra olub.
“Bayden bildirib ki, “F-16” qırıcılarının satışında irəliləmək istəyir, lakin Konqres İsveçi şərt olaraq qoyur. Söhbət Türkiyənin Stokholmun alyansa daxil olması ilə bağlı protokolu təsdiqləməsindən gedir” – Hande Fırat bildirib.
Amerika lideri qeyd edib ki, o, “Qərbin Ərdoğana qarşı hücumlarını ədalətsiz hesab edir”. Fıratın sözlərinə görə, bu ifadə söhbətdə iştirak edən Ərdoğan administrasiyasının üzvlərinin təəccübünə səbəb olub.
Bundan əvvəl, Bayden administrasiyası bəyan edib ki, Türkiyəyə Amerika “F-16” qırıcılarının tədarükünü Ankaranın İsveçin NATO-ya daxil olması ilə bağlı protokolları ratifikasiyası ilə şərtləndirmir.