Siyasət

“Ata həbsxanada, ana işsiz, sosial yardım da verilmir…” – MÜRACİƏT

“3 azyaşlı uşaqla birlikdə bax, elə burada yaşayırlar. Nə evləri var, nə işləri… Dəfələrlə yardım üçün müraciətlər olunsa da baxan olmayıb”.

DİA.AZ bildirir ki, bu şikayətlə “Qafqazinfo”ya Lerik rayonunun Hucu kənd sakini Alim Rzayev müraciət edib.

Vətəndaş deyir ki, yaxın qohumu Gültəkin Ağayeva imkansızlıqdan əziyyət çəkir: “Gültəkin xanım bibim oğlunun həyat yoldaşıdır. Bibim oğlu Mais Rüstəmov 4 ildir ki, həbsxanadadır. Azadlığa çıxmağına hələ 1 il 6 ay var. Həyat yoldaşı 3 balaca oğlan uşağını böyütməkdə əziyyət çəkir. Uşaqlar 10, 7 və 6 yaşındadılar. Bir otaqdan ibarət yerdə yaşayırlar. Bura ev demək mümkün deyil. Bu illər ərzində kənd camaatının və qohumların köməkliyi ilə birtəhər yaşayıblar. Ailənin yaşadığı yeri çəkib sosial şəbəkələrdə paylaşmışam. Görənlər əlaqə saxlayır, yardımlar edirlər”.

A.Rzayev bildirir ki, lakin indi təkcə bu köməkliklərlə yaşamaq mümkün deyil: “Uşaqlar böyüyür, baxımsızlıqdan yaşadıqları yer dağılıb gedir… Ana gündəlik işlər olanda gedib işləyir, 10-15 manat qazanır. Bu da gündəlik tələbatlara güclə yetir. Uşaqlar çətin də olsa məktəbə gedirlər, təhsildən yayınmırlar”.
Ətraflı

Vətəndaş deyir ki, dəfələrlə bu ailənin vəziyyəti və onlara sosial yardım ayırılması ilə bağlı müraciətlər ediblər. Amma heç bir nəticə olmayıb: “Xanım gedib hara lazımdı müraciət edib. Deyiblər yardım olunacaq, amma hələ də bir səs-soraq yoxdu”.

Şikayətlə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Sorğumuzu qurumun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili belə cavablandırıb: “Lerik rayon sakini Gültəkin Ağayeva ünvanlı dövlət sosial yardımı ilə bağlı 30 yanvar 2023-cü il tarixində etdiyi müraciətində adına olan torpaq sahəsini qeyd etmədiyi üçün ünvanlı sosial yardım təyin edilməsindən imtina qərarı verilib.

Gültəkin Ağayeva yenidən ünvanlı sosial yardım üçün müraciət edərkən mülkiyyətində olan torpaq sahəsi haqqında məlumatları qeyd edərsə, ailəsinin ünvanlı sosial yardım almaq hüququnun olub-olmamasına yenidən baxılacaq”.

“Ata həbsxanada, ana işsiz, sosial yardım da verilmir...”
“Ata həbsxanada, ana işsiz, sosial yardım da verilmir...”
“Ata həbsxanada, ana işsiz, sosial yardım da verilmir...”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir