Fövqəladə Hallar Nazirliyinin (FHN) regional mərkəzləri tərəfindən ötən günlər ərzində müvafiq regional mərkəzin əhatə etdiyi rayonların ərazisində sel təhlükəli kəndlərdə silsilə maarifləndirmə tədbirləri keçirilib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, tədbirlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının nümayəndələri də iştirak edib.
Tədbirlərin keçirilməsində məqsəd xüsusilə intensiv yağıntılarla əlaqədar çaylarda yarana bilən sel və daşqınlar zamanı zəruri təhlükəsizlik qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Yerli sakinlər, o cümlədən ictimai iaşə obyektlərinin əməkdaşları və turistlərlə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.
Qeyd edək ki, FHN tərəfindən əhalinin fövqəladə hallarla bağlı maarifləndirilməsi məqsədilə bu kimi tədbirlər müntəzəm olaraq keçirilir.