602 min vətəndaşın kompensasiya, 300 mindən artıq vətəndaşın isə kreditlərin restrukturizasiyası çərçivəsinə düşməsi ilə bağlı siyahı müəyyən edilib.
Bu siyahı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə əlaqədardır.
2019-cu il oktyabrın 1-i tarixinə kompensasiya hesablanmış vətəndaşların 98%-nə ümumilikdə 633.2 milyon manat həcmində ödənişlər olunub. Bu isə cəmi ayrılmış məbləğin 97%-ni təşkil edir:
Palatanın məlumatında qeyd olunub ki, 42 min borcalanın kreditləri tamamilə bağlanıb, problemli kreditlərin illik 1% olmaqla 5 il müddətinə restrukturizasiyasına başlanılıb.
Bunlarla yanaşı, hesablanmış kompensasiya məbləğləri və vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası ilə bağlı yaranan narazılıqlarla əlaqədar vətəndaşların müraciətlərinə baxılması və həlli məqsədilə Apellyasiya Komissiyası yaradılıb.
Müraciətlərin edilməsi prosesində vətəndaşların rahatlılığının təmin olunması nəticəsində ilkin dövrlərdə Apellyasiya Komissiyasına çoxsaylı müraciətlər daxil olub.
Xüsusilə, cari ilin aprel-may aylarında Apellyasiya Komissiyasına daxil olan müraciətlərin sayı 35 917, müraciətçilərin sayı isə 25 704 olub.
Palata bildirir ki, bütövlükdə, 15 oktyabr 2019-cu il tarixinə Apellyasiya Komissiyasına 27 384 nəfər vətəndaşdan müraciət daxil olub.
Bunlardan 27 095 vətəndaşın müraciəti cavablandırılıb, 289-u isə hazırda Apellyasiya Komissiyasında baxılma mərhələsindədir.