Manşet Siyasət

Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb.

“Zirvə yolu” xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli sərgi və forum iştirakçıları!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Sizi Xəzər regionunun bir sıra nüfuzlu enerji tədbirlərini özündə birləşdirən “Bakı Enerji Həftəsi”nin işə başlaması münasibətilə salamlayır və bu çərçivədə gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm.

Əminəm ki, “Bakı Enerji Həftəsi” enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsi üzrə qlobal əməkdaşlığa dair dialoqu daha da gücləndirəcəkdir.

“Bakı Enerji Həftəsi”ndə 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi və 28-ci Bakı Enerji Forumu kimi mötəbər tədbirlər nəzərdə tutulur. Ənənəvi olaraq hər il keçirilən bu tədbir qlobal enerji təhlükəsizliyinin təmini, alternativ və bərpaolunan enerji potensialı, o cümlədən “yaşıl enerji” layihələrinin təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji mənbələrinin şaxələndirilməsi istiqamətində müzakirələr üçün bir fürsətdir.

Builki “Bakı Enerji Həftəsi” Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd edildiyi dövrə təsadüf edir. Bu, əlamətdar bir hadisədir. Azərbaycanda enerji üzrə dialoq platformasının və sərgi fəaliyyətinin formalaşması Heydər Əliyevin müstəsna rolu ilə bağlıdır. “Xəzər Neft və Qaz” sərgisinin bünövrəsinin qoyulması və Ümummilli Liderin rəhbərliyi ilə işlənib hazırlanan neft strategiyasının elan olunması eyni vaxta – 1994-cü ilə təsadüf etmişdir. Məhz həmin il imzalanmış “Əsrin müqaviləsi”ndən sonra enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevrilən Azərbaycan neft-qaz sahəsində bütün xarici tərəfdaşlarla əməkdaşlıqda və enerji resurslarının ixracında uğurlu nümunə yaratmışdır. Hazırda Azərbaycan “yaşıl enerji” ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır.

Son illərdə enerji istehsalı texnologiyalarının davamlı inkişafı, eləcə də qlobal iqlim hədəfləri dünyanın aparıcı ölkələrində enerji siyasətinin əsas istiqamətlərindən olan “yaşıl enerji”yə keçidi sürətləndirməkdədir. Ölkəmiz malik olduğu zəngin təbii ehtiyatlardan istifadə etməklə, alternativ və bərpaolunan enerji istehsalının artırılmasına, dekarbonizasiya və enerji mənbələrinin şaxələndirilməsi kimi qlobal gündəliyə mühüm töhfələr verir. Ortamüddətli perspektivdə Azərbaycan alternativ mənbələrdən əldə olunan elektrik enerjisinin və “yaşıl enerji”nin ‒ hidrogenin ixracatçısına çevrilməyi hədəfləyir.

“Yaşıl enerji”nin inkişafına yönəlmiş layihələrin ölkədə artıq işə salınması “Cənub Qaz Dəhlizi” kimi iri layihənin analoqu hesab olunan “yaşıl enerji dəhlizi” yaratmaq üçün mühüm fürsətdir. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı layihələrin həyata keçirilməsi, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda “yaşıl enerji” zonasının yaradılması ölkəni alternativ enerji istehsalçısı və ixracatçısına çevirəcəkdir.

Enerji keçidində “Cənub Qaz Dəhlizi” layihəsinin strateji önəminin daha da artmasını nəzərə alaraq, TANAP və TAP layihələrinin genişləndirilməsi Azərbaycan üçün artıq aktual mövzuya çevrilmişdir. Cənub Qaz Dəhlizinin 2027-ci ilədək genişləndirilməsi və enerji resurslarının nəqli ilə bağlı digər perspektivlər şaxələndirilmiş enerji təchizatında və tərəfdaşlarımızın enerji təhlükəsizliyində ölkəmizin strateji rolunun daha da güclənməsinə xidmət edəcəkdir.

Hörmətli tədbir iştirakçıları!

Azərbaycan belə qlobal əhəmiyyətli tədbirə uzun müddətdir ev sahibliyi edir. İnanıram ki, özünün çoxillik təcrübəsi sayəsində sərgi və forum dolğun məruzələrlə, müzakirə və fikir mübadilələri ilə qarşılıqlı anlaşma mühitində geniş iqtisadi əlaqələrimiz üçün yeni üfüqlər açacaq və səmərəli əməkdaşlığa töhfələr verəcəkdir.

“Bakı Enerji Həftəsi”nin uğurlarının davamlı olmasını diləyir və fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirəm!”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir