Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Dövlət İmtahan Mərkəzi ilə birlikdə banklar üçün kibergigiyena suallarının hazırlanmasına dair iş aparır.
“Zirvə yolu” xəbər verir ki, bunu Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin direktoru Tural Məmmədov bildirib.
O qeyd edib ki, informasiya təhlükəsizliyi məsələsi sadəcə informasiya sistemlərinin deyil, həm də istifadəçilərin qorunmasını əhatə edir: “Xüsusən bank sektorunda tranzit hesabların olması və yaxud vətəndaşların hesablarından tranzit kimi istifadə olunması göstərir ki, vətəndaşın məlumatı özünə dəyərli görünməsə də, hakerlər üçün istənilən məlumat dəyərli ola bilir. İstənilən hesabdan, istər onun məlumatları qismində, istərsə də onun tranzit və yaxud onun hansısa ad altında gizlənməsi nöqteyi nəzərindən vacib element kimi istifadə oluna bilər. Bu baxımdan informasiya təhlükəsizliyi sahəsində kibergigiyenanın artırılması önəmlidir. Dövlət İmtahan Mərkəzi ilə bu istiqamətdə artıq razılıq əldə olunub, Mərkəzin dövlət qulluqçuları üçün həyata keçirdiyi imtahanlar çərçivəsində banklara kibergigiyena suallarının hazırlanması üzərində işlər aparılır”.