Xəbər

Lüzumsuz artım: Neft Fondundan büdcəyə transferti çoxaltmaq lazım deyil – İNCƏLƏMƏ…

Cari ilin dövlət büdcəsinə dəyişikliklər tezliklə təsdiqini tapacaq. Artıq bütün detallar bəllidir. Gəlir hissə 30 milyard 773 milyon 978 min manatdan 3 milyard 5 milyon 522 min manat və yaxud 9,7% artırılaraq, 33 milyard 779 milyon 500 min manata, xərclərsə 33 milyard 353 milyon 278 min manatdan 3 milyard 215 milyon 522 min manat və yaxud 9,6% artırılaraq 36 milyard 568 milyon 800 min manata qaldırılacaq.
Prezident İlham Əliyevin xeyli əvvəl anons verdiyi, bir sıra parametrlərini də açıqladığı bu dəyişiklik-dürüstləşdirmə ilin birinci rübünün yekunlarına əsasən vacib və zəruri görünürdü. Ümumiyyətlə, şəffaflıq və neftin dünya bazar qiymətləri ölkəmizdə dövlət büdcəsi gəlirlərini artıqlaması ilə icra etməyə şərait yaradan əsas səbəblər sayılır. Dəyişikliyi doğuran da məhz budur.

Ancaq budəfəki dəyişikliklərdə birmənalı təəssürat doğurmayan bir məqam mövcuddur. O da bundan ibarətdir ki, Dövlət Neft Fondundan (ARDNF) transfert 457 milyon 700 min manat və yaxud 4,05% artırılır. Halbuki, keçən il Fonddan büdcəyə nəzərdə tutulan 12 milyard 710 milyon manat transfert məbləği 1 milyard 192 milyon 500 min manat azaldılmışdı. Nəticədə ARDNF-dən köçürmə 2020 və 2021-ci illərdəkindən də aşağı səviyyəyə enmişdi. Bu da xərclərin artması fonunda həqiqətən böyük hadisə və təqdirəlayiq addım sayılırdı.

Xatırladım ki, 2021 və ondan əvvəlki ildə – 2020-ci ildə də dövlət büdcəsinə ARDNF-dən transfert eyni məbləğdə – 12 milyard 200 milyon manat təsdiq edilmişdi. Keçən ilin dövlət büdcəsində isə Fonddan transfert əvvəlki illərdəkindən 510 milyon manat və ya 4,2% çox proqnoz edilmişdi. Bundan əlavə, 2021-ci ildə Fonddan transfert ilin sonuna ümumiyyətlə 850 milyon manat az həyata keçirilmişdi.

Yəni, əvvəla, neftin dünya bazar qiymətlərinin neçə illərdir həm dövlət, həm də Neft Fondunun büdcəsində nəzərdə tutulandan yüksək səviyyədə olmasından, ikincisi də, qeyri-neft-qaz sektorundan gəlirlərin və yığımın da durmadan artmasından irəli gələrək, əslində, ARDNF-dən transfertə tələb azalır. Belə bir şəraitdə görəsən, builki dövlət büdcəsinə dəyişikliklər zamanı Fonddan transfertin təxminən 458 milyon manat artırılmasına nə ehtiyac var? Üstəlik, neftin büdcədə fiksə edilən qiyməti də 10 ABŞ dolları qaldırılır.

Əlbəttə, büdcədə dürüstləşdirmə aparmaq həm də ona görə vacib sayılır ki, ölkədə böyük işlər görülür. Xüsusən də işğaldan azad olunan ərazilərdə həyata keçirilən yenidənqurma, bərpa və tikinti-quraşdırma işləri. Ancaq büdcəyə dürüstləşdirmə zamanı birinci ən böyük müsbət cəhət məhz ondan ibarət ola bilər ki, gəlirlərin artırılması Neft Fondundan transfert hesabına həyata keçirilməsin. Buna əsasən, istənilən xərc istiqamətində hər cür addım atmaq olar.

Yeri gəlmişkən, yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 11 milyard 473 milyon 600 min manata qarşı 12 milyard 165 milyon manat və ya 6% çox təşkil edib. Dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 52,9% olmaqla proqnoz göstəricisinə (46,7%) nisbətən 6,2%-bənd artıb.
2023-cü ilin ilk dörd ayında dövlət büdcəsi xərclərinin 8 milyard 321 milyon 600 min manat proqnoza qarşı 8 milyard 929 milyon 700 min manat, yəni 7,3% artıq icra edilməsinə baxmayaraq, 3 milyard 235 milyon 300 min manat profisit yaranıb.

İlin birinci rübündə Neft Fondundan nəzərdə tutulandan 1 milyard 244 milyon manat az vəsait daxil olub. Əvvəlki proqnoza əsasən 2023-cü ildə ARDNF-dən büdcəyə 11 milyard 280 milyon manat transfert həyata keçirilməli idi ki, bu da ümumi gəlirlərin 36,7%-i demək idi. Dəyişikliklərdən sonra yuxarıda qeyd etdiyim kimi, 457,7 milyon manat artımdan sonra dövlət büdcəsi mədaxilinin 11 milyard 737 milyon 700 min manatı və ya 34,7 %-i ARDNF-dən transfertin payına düşəcək.

ARDNF-dən transfert məbləğinin azaldılması xətti davam etdirilməlidir. Dövlət başçımızın 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə əsasən 2025-ci ilə qədər dövlət sektorunda xərclənən neft vəsaitlərinin payını 15%-ə endirmək planı da bunu tələb edir.

Neft Fondundan büdcəyə transfertin azaldılması xəttinin davamı üçün isə iqtisadiyyatda keyfiyyət dəyişiklikləri dərinə işləməli, dövlət gəlirlərinin strukturunda qeyri-enerji sektoru üzrə mənbələrdən mədaxil damla da olsa heç bir qiymət artımı və inflyasiya kimi amillərə söykənməməli, ümumiyyətlə, bu istiqamətdə artım sırf ekstensiv əsaslar üzərində köklənməlidir.

Pərviz Heydərov
AzVision.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir