İqtisadiyyat Manşet

Azərbaycan Avropaya “yaşıl enerji” dəhlizinin yaradılması üzərində işləyir

Hazırda Azərbaycan Xəzər dənizindəki külək elektrik stansiyalarını Qara dəniz sualtı kabeli vasitəsilə Avropaya birləşdirən “yaşıl enerji” dəhlizinin, eləcə də Rumıniya və Macarıstanda müvafiq infrastrukturun yaradılması üzərində işləyir.

“Zirvə yolu”nun məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov bu gün işinə başlayan Bakı Enerji Forumunun birinci günündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan “yaşıl enerji”nin müxtəlif növlərinin istehsalı, ötürülməsi, paylanması və satışını əhatə edəcək layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamaq üçün səylərini birləşdirib: “Bolqarıstan hökuməti tezliklə rəsmiləşdirilməsi gözlənilən bu Sazişə qoşulmaq istəyini ifadə edib. Tərəfdaş ölkələrimizlə birgə müəssisənin yaradılması prosesinə start verilib. Güman edirəm ki, bu əməkdaşlıq bütün tərəflər üçün faydalı olacaq”.

P. Şahbazov bildirib ki, Azərbaycandan “yaşıl enerji”nin tədarükünə maraq artır və ölkəmizin Avropa enerji bazarına yeni statusla daxil olması Aİ ilə daim inkişaf edən strateji tərəfdaşlığımızın əsas müddəalarından biridir: “Azərbaycan alternativ mənbələr və marşrutlarla Avropanın enerji təchizatını davamlı şəkildə şaxələndirən ölkədir. Bir sözlə, Azərbaycan “yaşıl enerji” ölkəsi kimi inkişafı ilə bağlı strateji məqsədlərini həyata keçirmək əzmindədir”.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişi imzalanıb. Saziş Azərbaycan və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin reallaşdırılmasını təmin edəcək. Bu kabellə ötürülən elektrik enerjisi daha sonra Macarıstana və Avropa nəqletmə sistemi vasitəsilə qitənin qalan hissəsinə nəql ediləcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir