“Yaxşı transferlər etməyi planlaşdırırıq. Ciddi klublarda çıxış edən futbolçularla danışıq gedir. Hətta söhbət top-5 liqaların komandalarının futbolçularından gedir”.
“Zirvə yolu”nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Neftçi”nin prezidenti Kamran Quliyev deyib.
45 yaşlı funksioner baş məşqçi Laurentsiu Regekampfa inandıqlarını bildirib: “Daha güclü heyətə malik olacağıq. Dəyişməyin də mənası olmalıdır. Komanda tam da istədiyimiz oyunu göstərə bilmir. Amma biz baş məşqçiyə, futbolçulara da inanırıq. Gələn oyunçular yeni rəng qatacaqlar. Təkcə Azərbaycan Premyer Liqası üçün yox, Avropada uğur qazanmaq üçün çox ambisiyalı heyət yığırıq. Bir az gözləmək lazımdır. Artıq çox aktiv işlər gedir. Minimum 7-8 transfer olacaq. Demək olar ki, hər mövqeyə oyunçu alacağıq.Yaxşı futbolçu tapmaq çox çətindir. Hər il Sabir Buqrin və Mamadu Kane kimi oyunçu gətirmək asan deyil”.
Quliyev Azərbaycan Premyer Liqasında çıxış edən klublardan 1 və ya 2 oyunçunu heyətlərinə qata biləcəklərini vurğulayıb. O, “Səbail”in qapıçısı Emil Balayev və “Qarabağ”dan ayrılan Filip Ozobiçin də “ağ-qaralar”a mümkün keçidini istisna etməyib: “Ola bilər. Hələlik hər şeyi deməyim”.
Klub prezidenti Azərbaycan Kubokunu qazanacaqlarına inandığını söyləyib: “Komandaya, baş məşqçiyə və azarkeşlərə böyük ümidimiz var. Bildiyim qədər stadion da dolu olacaq. Bizim üçün çox vacib qarşılaşmadır. “Neftçi” hər zaman meydana qələbə üçün çıxır. Qalib gələcəyimizə inanıram”.
O, Anatoli Banişevskinin adının 8-ci km stadionuna verilməsi ehtimalına da toxunub: “Anatoli Banişevskinin layiq olmadığı bir şey yoxdur. “Bakcell”lə müqavilə başa çatıb. Amma stadion AFFA-ya məxsusdur. Gələcəkdə burada təmir və kommersiya yönümlü işlər görməyi planlaşdırırıq. Stadiona ad vermək bir günün işi deyil. Bu, ölçülmüş qərar olmalıdır. Anatoli Banişevski və “Neftçi” adı həmişə yanaşı çəkilir”.
Quliyev son olaraq “Neftçi”nin sabiq futbolçusu Zaur Tağızadənin mümkün qayıdışı ilə bağlı fikirlərini bölüşüb: “Zaur Tağızadə ilə dostuq. Ondan başqa da klubda iz qoyub gedənlər olub. Əgər o və onun kimilər iş axtarışında olsaydılar, birinci ona dəvət göndərərik. Amma bilirsiniz ki, digər klubda fəaliyyət göstərirlər. Klubun tarixinə düşənlər üçün həmişə iş olacaq”.