Dövlət sosial müdafiə fondunun (DSMF) 2023-cü il büdcəsinə dəyişikliklərin əsas məqsədləri açıqlanıb.
“Zirvə yolu”nun xəbərinə görə, bu, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsinin izahında əksini tapıb.
2023-cü ilin yanvar-mart ayları üzrə dövlət sosial müdafiə fondunun gəlir və xərclərinin faktiki göstəriciləri nəticəsində “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanunun dürüstləşdirilməsi zərurəti yaranıb.
Belə ki, Fondun büdcəsinin xərc istiqamətləri üzrə mövcud göstəricilərin optimallaşdırılmasının mütləq vacibliyi səbəbindən, risk göstəriciləri nəzərə alınmaqla ilin sonunadək məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar və sair gəlirlər dəyişdirilmədən, habelə Fondun büdcəsinin mövcud balanslılığı gözlənilməklə əvvəlki illərdə dövlət sosial müdafiə fondunun istifadə olunmamış vəsaitindən 4 000 000 manatının gəlir istiqaməti kimi nəzərə alınması məqsədəmüvafiq hesab edilməkdədir.
“Sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 13 yanvar tarixli 1966 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 2023-cü ilin yanvar ayının 1-dən uşağın anadan olmasına görə müavinətin məbləği 300 manatdan 500 manata qaldırılıb. Fərmanın icrası məqsədilə bu növ müavinətlər üzrə Fondun büdcəsində nəzərdə tutulmuş məbləğin 4 000 000,0 manat artırılması zərurəti meydana çıxmışdır. Eyni zamanda pandemiyanın təsirlərinin minimuma enməsi nəticəsində Fondun büdcəsinin xərc istiqamətlərindən biri olan dəfn üçün müavinətlərin məbləğinin 4 000 000 manat azaldılmasına imkan verməkdədir.
Qeyd edilən səbəblərdən əhaliyə ödənişlərin tərkib hissəsi olan məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinət xərclərinin ümumi göstəricisi dəyişməz qalmaqla, müavinətlər üzrə xərclərdə yerdəyişmələr aparılmaqla büdcə dürüstləşdirilməsi məqsədəmüvafiq hesab edilməkdədir.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.16-cı maddəsinin tələbi olaraq idarəetmə xərcləri məcburi dövlət sosial sığortası, fərdi uçot, əmək pensiyası və digər sosial ödənişlər sisteminin idarə edilməsinə yönəldilən və yuxarı həddi sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 2,5 faiz məbləğində müəyyənləşdirilən xərcləridir. Yuxarı hədd üzrə hesablama zamanı Fondun aparatının və yerli orqanlarının saxlanması xərclərinin 119,690,000 manat proqnozlaşdırılması mümkünlüyü çərçivəsində Fond tərəfindən bu istiqamətli xərclərin optimallaşdırılması və reallığa uyğunlaşdırılması nəticəsində illik əsasda tam maliyyələşdirilmənin həyata keçirilməsi məqsədilə qanunla təsdiqlənmiş faktiki göstəricinin 3,89 faiz və ya cəmi 4,000,000 manat artırılaraq 102,700,000 manatdan 106,700,000 manata çatdırılması zərurəti yaranıb.
Qeyd edilməlidir ki, Fondun aparatının saxlanması ilə bağlı xərclərinin təqribən 83 faizini əməyin ödənişi üzrə xərclər təşkil etməkdədir. Bu istiqamətli xərclərin artırılması 2022-ci ildə Fondun 2023-cü il üzrə büdcə layihələri təqdim edildikdən sonra işçilərin əməkhaqqılarında kiçik artımların baş verməsi ilə bağlı olub.
Fondun büdcəsinin gəlir və xərcləri üzrə bərabər artımlar dövlət büdcəsindən ayırmaların (transfertin) dəyişməz qalmasına şərait yaratmaqdadır.