İqtisadiyyat Manşet

Azərbaycanda hasil edilən neftin 74 %-i Bakı-Tbilisi-Ceyhan kəmərilə dünya bazarlarına nəql edilib

İndiyənədək Azərbaycanda hasil edilən 654 milyon ton neftin 484 milyon tonu Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə dünya bazarlarına çıxarılıb.

“Zirvə yolu” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakı Enerji Forumunun ikinci günündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənilməsinə başlandığından 2023-cü ilin may ayının 1-nə qədər 573 milyon ton neft hasil edilib.

“İndiyə qədər yataqlar blokundan 208 milyard kubmetr qaz hasil edilib. X.Yusifsadə qeyd edib ki, indiyədək AÇG-də hasil edilən neftin 340 milyon tondan çoxu Azərbaycanın mənfəət neftinin payına düşüb”, – SOCAR-ın birinci vitse-prezidenti qeyd edib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir