Bir neçə gün əvvvəl Şəkinin Zunud kənd sakinini ilan vurması ilə bağlı məlumat vermişdik. Həmin sakinin vəziyyəti hazırda ağır olaraq qalır. Ailəsi iddia edir ki, zərdab anında vurulsaydı, vəziyyət bu həddə çatmazdı.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zunud kəndində bir neçə il əvvəl Yaponiya hökumətinin qrant layihəsi əsasında müasir tibb məntəqəsi fəaliyyətə başlayıb.
Texniki-tibbi təminatı qaydasında olan bu tibb məntəqəsinə təəssüf ki, ilan sancmaya qarşı zərdab yaxud digər ağır zədələnmələrə qarşı dərman vasitələri verilmir. Bu iddia elə bu sahədəki boşluqları da gündəmə gətirir.
Kəndlərdə tibb məntəqələri nə üçün təşkil olunub və onların əsas fəaliyyət istiqamətlərində bu vacib məsələlər niyə nəzərə alınmır?!
Xüsusən, ucqar yaşayış məntəqələrində yerləşən tibb məntəqələri bu kimi tibbi-texniki və dərman vasitələri ilə nədən təchiz olunmur?! Haqlı, yerində, düşündürücü və məqamında verilən suallardı.
Fəqət?. Kənd tibb məntəqələri adi bir zərdabı, vaksini vurmaq ixtiyarında deyillərsə bu məntəqələr niyə fəaliyyət göstərir?! Baxımsız, əksəriyyəti qəzalı vəziyyətdə olan bu cür məntəqələrin fəaliyyəti ilə bağlı niyə tədbirlər görülmür?
Kəndlərdə yaşayan insanlar, xüsusilə də şəhər mərkəzindən kilometrlərlə uzaqda yerləşən kəndlərin sakinləri ilkin tibbi yardım üçün tibb məntəqələrində dərman tapmaq problemi ilə qarşılaşır.
Daha böyük və ən ağrılı problem isə məntəqələrdə ilan zəhərinə və ya hər hansı heyvan hücumuna qarşı zərdab, vaksinin olmamasıdır. Hansı ki, belə xoşagəlməz hadisələr kəndlərdə vaxtaşırı yaşanır.
Nəticədə hər hansı heyvan hücumuna məruz qalan şəxs məcbur olub rayon mərkəzindəki xəstəxanaya aparılır. Əgər kənd mərkəzdən uzaqdırsa vay o xəstənin halına.
Məntəqələrdə dərman preparatlarının tapılmaması bir tərəfə, əksəriyyət kəndlərdə tibb mətəqələri 21-ci əsrin səhiyyəsi ilə müqayisə edildikdə xeyli geridə qalır. Qəzalı vəziyyətdə, ciddi təmirə ehtiyacı olan binalara xəstələr müraciət edərkən öz canından ikiqat ehtiyyat edir. Daha bir problem isə nəzarət olmadığından məntəqələrdə işçilərin tapılmamasıdır. Elə Zunud kəndində olduğu kimi…
Məsələ ilə bağlı TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, tibb məntəqələri yetərincə tibbi avadanlıqlarla, preparatlarla təmin olunub və fəaliyyətləri də normaldır.
Ancaq bizim gördüklərimiz, sakinlərin və hətta tibb məntəqələrində çalışanların dedikləri tərsmütənasiblik təşkil edir, fikirlərin biri-digərini inkar edir, üst-üstə düşmür.
Hər halda söhbət insan taleyindən gedirsə bu sahədə yaranan boşluqlar ciddi nəzarətə götürülməli, ilk anda həllinə səy göstərilməlidir. Unutmayın, 21-ci əsrdə yaşadığımızı…